Ukrayan növbəti dəfə dronlarla Moskvaya hücum edib.
Musavat.com xəbər verir ki, Rusiya rəsmiləri və Teleqram kanalları vurulan pilotsuz uçuş aparatının qalıqlarının Moskvanın cənub-qərbində yerləşən Vernadski prospektindəki yaşayış binasına düşdüyünü bildiriblər.
"Düşmənə məxsus pilotsuz uçuş aparatının hücumunun dəf edilməsi nəticəsində Vernadski prospektində yerləşən binada ilkin məlumata görə, ciddi ziyan və xəsarət alan yoxdur. Hadisə yerində müvafiq xidmətlərin əməkdaşları çalışır", - Moskva meri Sergey Sobyanin Teleqram kanalında yazıb.
O, daha əvvəl Moskvaya edilən üç dron hücumunun qarşısının alındığını açıqlayıb.
"Baza" Teleqram kanalı isə bildirib ki, hadisə "Miraks Park" yaşayış kompleksində – "Yuqo-Zapadnaya" metro stansiyasının yaxınlığında baş verib. Yerli sakinlərin sözlərinə görə, bəzi mənzillərdə dron qalıqları şüşələrin sınmasına səbəb olub. Onların bildirdiyinə görə, xəsarət alan yoxdur.
Rusiya mediası əlavə edir ki, binanın bir neçə mərtəbəsi boyunca fasadı zədələnib.
Hadisə yerinin yaxınlığında Rusiya Baş Qərargahının Hərbi Akademiyası yerləşir.
Partlayış səsləri barədə Moskvaətrafı Odintsovo və Aprelevka sakinləri də məlumat veriblər.
İqbal RZAYEV,
Musavat.com


