2025-ci il mayın 29-na keçən gecə Moskva şəhəri və Moskva vilayətində güclü partlayış səsləri eşidilib. Səbəb isə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin (HHMQ) dron hücumlarına qarşı fəaliyyəti olub.
Bizim.Media xəbər verir ki, "Vnukovo" beynəlxalq hava limanının fəaliyyəti dayandırılıb, bir sıra reyslər gecikdirilib və ya ləğv olunub.
Məlumata görə, PUA-ların hücumu nəticəsində bir neçə yaşayış binasına və sənaye obyektlərinə ziyan dəyib. Məsələn, "Miraks Park" yaşayış kompleksinə dronun qalıqları düşüb, lakin Moskva meri Sergey Sobyanin ciddi dağıntılar və xəsarət alanların olmadığını bildirib. Eyni zamanda, Odintsovo, Aprelevka və Zveniqorod şəhərlərində də güclü partlayış səsləri eşidilib, yerli sakinlər panika içində olublar.
Rusiya Aviasiya İdarəsi hava məkanında təhlükə səbəbilə "Vnukovo" hava limanında "Xalça" adlı fövqəladə rejimi tətbiq edib. Nəticədə 14 uçuş və 20 eniş reysi gecikdirilib. Moskvanın digər hava limanları olan "Domodedovo" və "Jukovski" də hücum səbəbilə fəaliyyətlərini qısa müddətə dayandırıblar.
Rusiya mətbuatı və sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, bir neçə sənaye obyekti də dron hücumlarının hədəfi olub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 28 mayda verdiyi rəsmi açıqlamada hücumların nəticələrini təsdiqləyib. Hücum zamanı aşağıdakı obyektlər zərbə alıb:
"Kronştadt" zavodu – Dubna şəhərində yerləşən və pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan müəssisədir.
"Raduqa" zavodu – raket və dron istehsalında ixtisaslaşmış müəssisə.
"Angstrem" şirkəti – mikroelektron komponent bazası istehsal edir və bu, Rusiya hərbi sənayesində geniş tətbiq olunur.
"Dmitrovskiy" kombinatı (İvanovo vilayəti) – partlayıcı maddələrin, barıtların və raket yanacağının komponentlərini istehsal edir.
Ukrayna tərəfi bəyan edib ki, bu hücumlar Rusiya hərbi-sənaye kompleksinin infrastrukturunu sıradan çıxarmağa yönəlib. Baş Qərargahdan verilən məlumata görə, bu obyektlər Rusiya ordusunun döyüş qabiliyyətinə birbaşa təsir göstərən müəssisələrdir və onların sıradan çıxarılması gələcək hücum planlarını zəiflədə bilər.
Bu hadisələr Rusiya ərazisində dron hücumlarının intensivləşdiyi bir vaxta təsadüf edir. Mayın 28-i gecə də Moskva və ətraf ərazilərdə genişmiqyaslı PUA hücumları qeydə alınmışdı. Həmin gecə Zelenoqradda texnopark zərbə almış, Dubna şəhərində isə yanğın baş vermişdi.
Mütəxəssislər bu hücumların simvolik və strateji xarakter daşıdığını, həm Rusiya ictimaiyyətinə mesaj verdiyini, həm də hərbi təchizat zəncirinə ciddi zərbə vurduğunu bildirirlər.
Bizim.Media