Yay aylarında havaların quraq və küləkli keçməsi nəticəsində yanğın təhlükəsi daha da artır. Avtosfer.az xəbər verir ki, bu dövrdə xüsusilə quru ot, meşəlik ərazilər və kənd təsərrüfatı sahələri həssas bölgələrə çevrilir. Təəssüf ki, bir çox hallarda yanğınların səbəbi insan laqeydliyi olur.
Adətən kiçik və zərərsiz görünən siqaret kötüyünün düşünülmədən yerə atılması saniyələr içində böyük fəlakətə çevrilə bilər. Xüsusilə kənd təsərrüfatı texnikalarının üzərində daşınan quru ot bağlamaları bu riski daha da artırır. Bu cür məsuliyyətsiz davranışların qarşısını almaq və ətraf mühitin təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlərin görülməsi mümkündür?
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev saytımıza bildirib ki, siqaret kötüyünün tam söndürülmədən əraziyə atılması, elektrik naqillərinin qızması və qısaqapanmalar, ətraf mühitin məişət tullantıları ilə zibillənməsi, açıq oddan düzgün istifadə olunmaması və hətta şüşə qırıqlarının günəş şüaları ilə birləşməsi belə yanğın təhlükəsi yarada bilər. "Bu səbəbdən, istər quru otla örtülü sahələrdə, istərsə də təsərrüfat sahələrində yanğın təhlükəsizliyi məsələlərinə ciddi yanaşmaq vacibdir. Ərazilər məişət tullantılarından daim təmiz saxlanmalı, quru ot olan yerlərdə açıq oddan istifadə edilməməlidir. Elektrik sistemləri texniki baxımdan saz vəziyyətdə olmalı, qızma və qısaqapanma hallarının qarşısı vaxtında alınmalıdır. Çünki bu cür laqeydliklər ciddi yanğınlara səbəb ola bilər".
Ekoloq Qorxmaz İbrahimlinin fikrincə, yol kənarına və küçələrə zibil atmaq təkcə ətraf mühitə və sağlamlığa zərər vermir, həm də ciddi bir mədəniyyət problemi kimi ortaya çıxır. "Bu cür davranışlar insanın şəxsi mədəniyyət səviyyəsinin aşağı olduğunu göstərir. Bu səbəbdən də maarifləndirmə işləri vacibdir və bu iş məktəblərdə, bağçalarda, televiziyada, mətbuatda qısacası, bütün informasiya vasitələrində aparılmalıdır. İnsanlara aşılanmalıdır ki, küçəyə zibil atmaq, tüpürmək, ətrafı çirkləndirmək ilk növbədə özümüzə hörmətsizlikdir. Əgər bir cəmiyyətin üzvləri bu cür davranırsa, bu onların tərbiyə və mədəniyyət baxımından geridə olduğunu göstərir. Başqa çıxış yolu yoxdur, maarifləndirmə mütləqdir. Yalnız belə yanaşma ilə təmiz və sağlam cəmiyyət qurmaq mümkündür". Qeyd edək ki, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılıb.