Fatimə Hacıbəyli: “Dələduzluqla bağlı cinayətkarlıq artıbsa, bunun qarşısının alınması üçün tədbirlər görülməlidir”
Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəza sərtləşdirilir, bu əmələ görə azadlıqdan məhrumetmə iki ildən üç ilə qaldırılır. Bununla bağlı Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi təklif edilib.
Qanun layihəsində qeyd olunub ki, bu dəyişiklik oğurluq əməlini artıq "böyük ictimai təhlükə törətməyən cinayət" deyil, "az ağır cinayət" kateqoriyasına aid edir.
Maraqlıdır, oğurluğa görə cəzanın sərtləşməsi cinayətlərin qarşısını ala biləcəkmi?
“Oğurluqların qarşısını almaq üçün cəzaları sərtləşdirmək, eləcə də həbsdən azad olunan şəxslərin işlə təmin edilməsinə nail olmaq lazımdır”
Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, oğurluq tamah motivi ilə baş vermiş cinayətdir: “Dünyada qəbul edilmiş qaydalara görə, ölkədəki sosial-iqtisadi vəziyyət mənfiyə doğru gedirsə, cinayət faktları da artır. Tamah motivli cinayətlərin əksəriyyətini də oğurluqlar təşkil edir. Oğurluq etmiş şəxslərin həbs edilməsi, cəzanın sərtləşdirilməsi vəziyyətdən çıxış yolu sayıla bilər. Oğurluqların qarşısını almaq üçün cəzaları sərtləşdirmək, eləcə də həbsdən azad olunan şəxslərin işlə təmin edilməsinə nail olmaq lazımdır. Çünki cinayət törədən şəxslərin böyük bir qismi əvvəllər məhkumluq həyatı yaşamış şəxslərdir. Onlar cəzaçəkmə müəssisəsində mütləq şəkildə islah olunmalıdırlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, inkişaf etmiş müasir dünya ölkələrindən fərqli olaraq, Azərbaycanda profilaktik psixoterapiyaya gedənlər çox azdır, demək olar ki, yox səviyyəsindədir: “Bizdə insanlar problem dərinləşəndən və ağırlaşandan, fəsad verəndən sonra psixoterapevtin yanına gedirlər. Ona görə də Azərbaycan əhalisi bu prosesi gərgin yaşayır. Ümumiyyətlə, cinayətkarlığın, oğurluğun qarşısını almaq üçün cəzalar sərtləşdirilməlidir. Dələduzluqla bağlı cinayətkarlıq artıbsa, bunun qarşısının alınması üçün tədbirlər görülməlidir. Hər bir şikayətə reaksiya verilməli, şikayət əsasında vətəndaşa qarşı dələduzluq etmiş şəxs saxlanılmalı və məsuliyyətə cəlb edilməlidir. Nəzərə almaq lazımdır ki, cəza tədbirlərinin sərtləşdirilməsi həm də potensial cinayətkarlar üçün ciddi xəbərdarlıq xarakteri daşıyır və hüquqi maarifləndirmə ilə birgə tətbiq olunduqda müsbət nəticələr verir”.
Günel CƏLİLOVA