RU

Pakistanda Hindistanın göndərdiyi 12 PUA vurulub

BAKI, TurkicWorld

Pakistan Hindistanın 12 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Pakistan Ordusu Hindistanın Harop tipli 12 pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini bəyan edib.

“Dawn” qəzetinin yaydığı məlumata əsasən, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistan-Pakistan xəttindəki son gərginliklə bağlı çıxış edərək bildirib ki, Hindistan gecə saatlarından etibarən Pakistandakı bir sıra ərazilərə Harop tipli silahlı PUA-lar göndərib.

Çaudri qeyd edib ki, Pakistan ordusu tam hazırlıq və yüksək sayıqlıq vəziyyətindədir və bu vaxtadək 12 ədəd Hindistana məxsus PUA zərərsizləşdirilib.

Qeyd edək ki, Hindistan aprelin 22-də Pahalqam rayonunda baş verən və 26 nəfərin ölümünə səbəb olan terror aktına cavab olaraq mayın 6-da Pakistanın və Azad Kəşmirin müxtəlif nöqtələrinə raket zərbələri endirib. Hindistan tərəfi hücumlarda “terror strukturlarını” hədəf aldığını desə də, Pakistan hökuməti 6 mülki ərazinin vurulduğunu və 26 nəfərin həyatını itirdiyini açıqlayıb.

Pakistan ordusu Hindistanın hücumu zamanı 5 döyüş təyyarəsinin vurulduğunu iddia etsə də, bu məlumat Yeni Dehli tərəfindən təsdiqlənməyib. Hindistanın baş naziri Narendra Modi həmin hücumlara “Sindoor əməliyyatı” adını verib və əməliyyatı “qürur anı” kimi dəyərləndirib. “Sindoor” hind mədəniyyətində evli qadınların alnına çəkdiyi qırmızı toz mənasını verir.

Избранный
0
11
turkic.world

10Источники