AZ

"Rusiya göründüyündən daha zəifdir" - Trampın sabiq müşaviri

 
"Qərbin gələcəyi qeyri-müəyyəndir, ABŞ hələ də önəmlidir, Rusiya yalnız güclə dayandırıla bilər..."
 
Berlində keçirilən Almaniya-Amerika forumunda Avropa-ABŞ münasibətləri və Ukraynadakı müharibə fonunda təhlükəsizlik məsələləri müzakirə olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə "deutschewelle.com" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri Herbert MakMaster bəyan edib ki, Trampla dialoq mümkündür və o, öyrənməyə açıqdır. O, Avropa liderlərinin Kiyev səfəri zamanı Vaşinqtonla əlaqəsini "ağıllı gediş" adlandırıb və Moskvaya qarşı diplomatik təzyiqlə yanaşı, müdafiə sənayesinə sərmayənin artırılmasını tövsiyə edib: "Rusiyanı yalnız güclə dayandırmaq olar".
 
 
Fransa, Britaniya, Almaniya və Polşa liderləri Moskvaya 30 günlük atəşkəs təklif edib. Kreml imtina etsə də, Putin İstanbulda danışıqlar təklif edib. Tramp bu təşəbbüsü dəstəkləyib, Zelenski razılaşıb, lakin Moskva tərəddüd edir.
 
Rusiya nə qədər davam gətirə bilər?
 
Bundestaq deputatı Omid Nuripur hesab edir ki, Putin İstanbul görüşünə qatılmayacaq. O, Avropa təşəbbüsünü müsbət dəyərləndirib. ABŞ-ın sabiq səfiri Kurt Volker isə Rusiyaya qarşı təzyiqlərin artırılmasını dəstəkləyib və yeni sanksiyalarla təhdid olunmasını yerində addım sayıb.
 
 
MakMaster Rusiyanın hazırkı itkilərlə uzun müddət dözə bilməyəcəyini desə də, Karnegi Mərkəzindən Aleksandr Qabuyev bunun əksini düşünür.  Onun fikrincə, ciddi çətinlik yalnız neftin qiyməti bir il ərzində 30 dollardan aşağı olarsa yarana bilər.
 
Qərb kəşfiyyatına görə, Rusiya bir neçə ilə NATO ilə ənənəvi müharibəyə hazır ola bilər. Bu səbəbdən iştirakçılar Avropa ordularının silahlandırılmasına çağırış edib. Volker Rusiyanın artıq Avropada hibrid müharibə apardığını qeyd edib.
 
Avropaya çağırış: ümidsiz olmayın
 
"Atlantik-Brücke" forumuna hazırda Ziqmar Qabriel rəhbərlik edir. Alman siyasətçilər Trampın ikinci müddətində ABŞ-la münasibətlərin necə olacağını müzakirə edib. Xristian-demokrat Norbert Röttgen dünya nizamının keçid dövründə olduğunu bildirib.
 
Avropa liderləri ABŞ-ın etibarlılığına şübhə ilə yanaşır. "Yaşıllar"dan Nuripur deyib ki, artıq Vaşinqtona güvənmək olmaz. Alman Marşal Fondundan Klaudia Mayor qeyd edib ki, Avropa ABŞ-sız Rusiyanı təcrid edə bilməz.
 
Vaşinqtondakı Xarici Münasibətlər Şurasından Liana Fiks Tramp və Putinin yaxınlaşmasından narahatlığını ifadə edib. O, Haaqa sammitinin Avropa üçün ciddi sınaq olacağını bildirib və Rusiya məsələsinin gündəlikdən çıxarılmasını təklif edib.
 
Trampı necə inandırmalı?
 
Professor Çarlz Kupçan bildirib ki, Tramp sadəcə bir şəxs deyil, ABŞ-ın keçmişdə izolyasionist siyasətinə qayıdışıdır. Onun fikrincə, Tramp NATO-dan çıxmasa da, Avropa öz təşəbbüsü ilə hərəkət etməlidir. Volker isə deyib: Tramp yalnız müharibənin bitməsini istəyir, kim hansı ərazini idarə etməsi onun vecinə deyil.
 
Beləliklə, Qərbin gələcəyi qeyri-müəyyəndir, ABŞ hələ də önəmlidir, Trampla işləmək mümkündür, Rusiya isə yalnız güclə dayandırıla bilər.
Seçilən
0
50
moderator.az

10Mənbələr