ABŞ Prezidenti Donald Tramp ilk xarici rəsmi səfərini yenə Yaxın Şərqə edib. Bu, 2016-2020-ci illərin bölgəsi deyil. Regionda bir çox hadisələr bölgə ölkələri və ABŞ-nin istədiyi istiqamətdə cərəyan edir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, səfərdən öncə Ştatlar və “Ənsar Allah” (husi qiyamçıları) arasında Omanın vasitəçiliyi ilə atəşkəs barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, husilər Bab əl-Məndəb boğazından keçən ABŞ gəmilərinə hücum etməyəcək.
Donald Tramp qiyamçılara qarşı zərbələri dayandırdığını vurğulayıb: “Husilər, ən azı bizə artıq döyüşmək istəmədiklərini bildiriblər. Onlar döyüşmək istəmirlər. Biz buna hörmət edirik. Biz bombardmanı dərhal dayandırdıq. Onlar təslim oldular”.
ABŞ və İran nümayəndələri İslam Respublikasının nüvə proqramı üzrə dörd dəfə birbaşa olmayan görüş keçiriblər. Qəzza zolağında HƏMAS-ın, Livanda “Hizbullah”ın hərbi-siyasi nüfuzu düşüb, Suriyada Bəşşar Əsəd rejimi sıradan çıxarılıb, ölkəni yeni hakimiyyət idarə edir.
Habelə, bu səfər ərəfəsində regiona pozuculuq fəaliyyəti ilə məşğul olan PKK terror qruplaşması özünü buraxdığını və tərk-silah olunacağına dair qərar qəbul edib.
İŞİD terror qruplaşması da, demək olar ki, zərərsizləşdirilib.
Trampın Yaxın Şərqə ziyarəti ərəfəsində Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında İstanbulda sammitin keçiriləcəyi ehtimal olunur. Ağ Evdən bildirilib ki, RF-nin dövlət başçısı zirvə görüşü ilə bağlı Türkiyəyə səfər edəcəyi halda Donlad Tramp da ora gedəcək.
Odur ki, ABŞ liderinin səfəri yeniləşən, yaxud yenidən qurulacaq bölgənin ziyarəti kimi qiymətləndirilə bilər.
Ağ Evin indiki yiyəsi bu turnedə İsrailə getməyəcəyini bildirib. O, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfəri zamanı daha çox iqtisadi-ticarət əlaqələrinə diqqət ayırıb. Bununla belə, siyasi hədəflər də var. Donald Tramp Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətləri normallaşdırmaq istədiyini açıq şəkildə bildirsə də, hazırkı mərhələdə bunun mümkün olmayacağını Ağ Ev qəbul edib. Buna əsas səbəblərdən biri Qəzzada davam edən müharibə göstərilib.
Bu günlərdə İsrailin Baş naziri Binyamin Netanyahu Qəzzaya irimiqyaslı hücum edəcəklərini bildirib. Ona görə də ticarət sahəsində əməkdaşlıq məsələləri daha aktual olub.
Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin-Salman qarşıdan gələn dörd il ərzində ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə yatıracağını bildirmişdi. Səudiyyə Ərəbistanında imzalanan müqavilələr arasında ən azı 100 milyard dollarlıq hərbi silah satışı ilə yanaşı, enerji və mədən sektorunda böyük müqavilələr də yer alır.
ABŞ lideri bölgəyə səfəri zamanı etdiyi çıxışlarla da yadda qalıb. Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ştatların istehsalı olan qabaqcıl süni intellekt çiplərinə çıxış əldə etməyə çalışan ölkələrdəndir. O, region ölkələrinin çiçəklənməsini arzuladığını vurğulayaraq deyib: “Tarixin ən güclü ordusuna sahib olsaq da, müharibəni sevmirəm”.
Tramp Yaxın Şərq regionuna yeni baxışdan bəhs edib: “Livana kömək etməyə hazırıq. Dünya min ildən sonra ilk dəfə olaraq bu regiona xaos, münaqişə, müharibə və ölüm yeri kimi deyil, fürsət, ümid ölkəsi kimi baxa bilər”.
O, Ər-Riyaddakı çıxışının sonunda bildirib ki, ABŞ-də “qızıl əsrə” başlayıblar: “Yaxın Şərq də “qızıl dövr”ə bizimlə birlikdə başlaya bilər”.
Qətərin ABŞ-yə 200-300 milyard dollara qədər sərmayə qoyması, yaxud Ştatların şirkətləri ilə müqavilələr, o cümlədən, “Boeing”dən kommersiya təyyarələri almaq üçün müqavilə və “MQ-9 Reaper” pilotsuz təyyarələrin almaq məqsədilə iki milyard dollarlıq müqavilə elan edilib.
Birləşmiş Ərəb Əmirlikləri də yaxın onillikdə ABŞ-yə 1,4 trilyon dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.
ABŞ dövlət başçısı son 25 ildə ilk dəfə olaraq Suriya Prezidenti ilə də görüşüb. O, keçid dövrünün başçısı Əhməd əş-Şaraanı “İbrahim sazişi”nə qoşulmağa çağırıb.
Donald Tramp İsraillə münasibətlərin normallaşacağına ümid etdiyini bildirib. O, Suriya prezidentini oxşar nümunəni izləməyə və İsraillə münasibətləri normallaşdırmağa, bütün xarici terrorçuları, o cümlədən fələstinliləri Suriyadan deportasiya etməyə çağırıb.
ABŞ Prezidenti Suriyaya tətbiq etdiyi sanksiyaları götürdüyünə dair qərarını açıqlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ər-Riyadda dördtərəfli (ABŞ, Səudiyyə Ərəbistanı, ABŞ və Suriya liderləri) videokonfrans da olub.
Türkiyənin dövlət başçısı Donald Trampın Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı qərarının tarixi əhəmiyyət daşıdığını qeyd edib: “Suriyadakı yeni hakimiyyət regional ölkələrlə əməkdaşlıq edir və o, qonşuları üçün təhlükəli deyil”.
Ərdoğan Türkiyənin terror təşkilatlarına, xüsusilə İŞİD-ə qarşı mübarizədə Suriyanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Ər-Riyadda Birləşmiş Ştatlar və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammiti başlayıb. Səudiyyə Ərəbistanı paytaxtında körfəz ərəb ölkələrinin Zirvə toplantısı da keçirilib. Sammitdə Donald Trampla yanaşı, Səudiyyə Ərəbistanının vəliəhd şahzadə Məhəmməd bin Salman əl Səud, Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani, Bəhreyn kralı Həməd bin İsa Al Xəlifə, Küveyt əmiri şeyx Məşaal əl-Əhməd əl-Cabir əs-Sabah, Əbu-Dabi əmirliyinin vəliəhd şahzadəsi və BƏƏ prezidentinin böyük oğlu şeyx Xalid bin Məhəmməd Al Nəhayyan, həmçinin Oman Baş nazirinin müavini şeyx Əsəd bin Tariq Al Səid iştirak ediblər.
Görüş iştirakçıları qlobal və regional məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsi, Qəzza zolağı, Livan, Sudan və Yəməndə vəziyyət, habelə ABŞ və Körfəz ölkələri arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.
Ağ Evin yiyəsinin Yaxın Şərqə səfirinin yekununu aşağıdakı kimi ümumiləşdirmək olar:
-Donald Tramp ABŞ-nin Yaxın Şərqlə bağlı yeni hədəfini açıqlayıb;
-İsrailin təhlükəsizliyi Ştatların bölgə üzrə başlıca hədəfidir;
-ABŞ-yə dost, tərəfkeş, müttəfiq olan dövlətlər “İbrahim sazişi”ndə birləşməyə çağırış edib;
-Suriyanın müvəqqəti hakimiyyətinə dəstək elan edib;
-Körfəzə daxil olan ərəb ölkələrini Ştatların regionda müttəfiqi olduğunu nümayiş etdirib. Çünki son illər Çin bu bölgəyə ABŞ ilə birlikdə şərik çıxmağa səy göstərir. Bu səfərlə ərəb ölkələri və Ağ Ev qarşılıqlı əməkdaşlığı inkişaf etdirməyə sadiq qaldıqlarını bildirib;
-ABŞ beynəlxalq aləmdə qarşıdurmaya səbəb olan başlıca münaqişələri Körfəzdəki ərəb ölkələri liderləri müzakirə etməklə onların nüfuzunu artırıb;
-ABŞ-İran görüşlərinin Omanda keçirilməsi, rəsmi Maskatın vasitəçiliyi ilə reallaşması da bunu təsdiqləyir. Tramp Yaxın Şərqi dünyanın mədəni, siyasi, iqtisadi və ticarət mərkəzi olaraq dünyaya təqdim edib;
-Donald Tramp Rəcəb Tayyib Ərdoğanı danışıqlar və müzakirələrə cəlb etməklə Türkiyənin də ABŞ-nin tərəfdarı olduğunu, Suriya ilə bağı problemlərin həllində onun da rolunu nümayiş etdirib;
-Donald Tramp regionun karbohidrogen mənbələri, təhlükəsizlik, sərmayə qoyuluşu, eləcə də ticarət əlaqələrinin ABŞ üçün prioritet olduğunu bir daha göstərib və s.
Donald Tramp birinci dəfə prezident olandan sonra ilk səfərini Səudiyyə Ərəbistanına etməklə sələflərinin ənənəsini pozmuşdu. Çünki ABŞ prezidentləri adətən ilk səfərlərini ya Kanadaya, ya da Meksikaya edirdilər. Bu dəfə də o, bu addımı atıb. Bununla da Səudiyyə Ərəbistanı Krallığının ölkəsi üçün əhəmiyyətli olduğunu nümayiş etdirib.
Qeyd edək ki, Donald Tramp 2017-ci il mayın 20-21-də Səudiyyə Ərəbistanında, mayın 22-23-də isə İsraildə səfərdə olub. Həmin il mayın 21-də Ər-Riyadda Ərəb-İslam-Amerika Sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də Sammitdə iştirak etmişdi. Zirvə toplantısı “Birlikdə güclüyük” devizi altında keçirilib.
Bu sammitdə də Donald Tramp ABŞ-nin müharibənin deyil, sülhün tərəfdarı olduğunu bildirərək ekstremizm və terrorizmin bütün təzahürləri ilə mübarizədə hələ çox iş görülməli olduğunu, İŞİD terror qruplaşmasının maliyyələşməsinə son qoymağın vacibliyini diqqətə çatdırmışdı: “Günahsız müsəlmanların qətlə yetirilməsinin, qadınların sıxışdırılmasının, yəhudilərin təqibinin və xristianların öldürülməsinin qarşısını almaq üçün səylər birləşdirilməlidir”.
Onda Donald Tramp müsəlman ölkələrinin hərbi blokunu yaratmağı, bununla da terrora və təhlükəsizliyi təhdid edən amillərə qarşı birlikdə mübarizə etmək təklif olunurdu. Onda bu istiqamətdə toplantı keçirilsə də, bu ideya özünü doğrultmadı. Donlad Tramp indi də regiondakı müsəlman ölkələri “İbrahim sazişi”nə qoşulmağa çağırır. Həm onda, həm indi ABŞ liderinin məqsədinin dəyişmədiyi təsdiqlənir. Hədəf Yaxın Şərqi və ona yaxın bölgələrə nəzarəti itirməməkdir. ABŞ buna daha geniş miqyasda nail olur. Bu isə Trampın dediyi kimi, Amerikaya “qızıl əsri” yaşadır.