AZ

Rusiya-Ukrayna savaşı Türkiyədə sonlanır? - Putinin planı işə düşür - Zelenskinin qərarı nə olacaq?

“Putin Rusiya – Ukrayna danışıqlarının mayın 15-də Türkiyədə başlanmasını təklif edib. Son xəbərlərə görə, Zelenski bu təklifi qəbul edib. Çünki ABŞ prezidenti Trampın Zelenskiyə bu görüşə razılıq verməsi istiqamətində təzyiq göstərdiyinə dair məlumatlar var. Zelenski əvvəllər atəşkəsə razı olmadıqda Tramp tərəfindən tənqid olunmuşdu. Görünür ki, Trampın bir şərti də Ukraynanın yeraltı və yerüstü sərvətlərinin, nadir torpaq elementlərinin ABŞ-a çıxışının təmin olunması idi və bu səbəbdən Ağ Ev ilə Zelenski arasında gərginlik yaşanmışdı. Lakin sonrakı dövrdə Zelenski, ABŞ və NATO dəstəyi olmadan Rusiyaya qarşı davamlı mübarizə aparmağın mümkünsüz olduğunu anladı. Avropa ölkələri də ABŞ-sız yardım edə bilməyəcəklərini açıq şəkildə ortaya qoydular. Bu səbəbdən Zelenski Trampın təzyiqi və yönləndirməsi ilə atəşkəsə razı olmağa məcbur qaldı”
Bunu Moderator.az-a açıqlamasında türkiyəli politoloq İsmayıl Çingöz deyib.
Türkiyəli politoloq xatırladıb ki, son günlərdə Avropa liderləri – Almaniya, Fransa və digər ölkələrin rəhbərləri Kiyevə səfər etdilər və birlik mesajı verdilər. Ancaq bu görüntü Avropanın təkbaşına, ABŞ-ın dəstəyi olmadan, Ukraynaya yardım edə bilməyəcəyini göstərdi:
 “Zelenski bu görüşün əhəmiyyətini anlayaraq Putinin Türkiyədə 15 may 2025-ci il tarixində görüşmək təklifini qəbul etdiyini bəyan etdi. Çünki Zelenskinin imkan və potensialı Rusiyaya qarşı uzunmüddətli müharibə aparmaq üçün kifayət etmir. Ukrayna xalqı döyüşkən bir xalqdır, lakin hazırkı vəziyyətdə öz imkan və hərbi potensialı ilə Rusiyaya qarşı təkbaşına mübarizə aparmaq şansı yoxdur. Əgər ABŞ və NATO ölkələrinin Ukraynaya dəstəyi olmasaydı, Ukraynanın bu qədər uzun müddət dayanması çətin olardı. Çünki Ukrayna daxilində, xüsusilə də ölkənin şərqində – Donbas adlanan bölgədə böyük rus təsiri mövcuddur və bu ərazidə yaşayan insanlar əsasən Rusiya tərəfdarı kimi tanınırlar. Elə bu səbəbdən də Ukrayna-Rusiya müharibəsi başladı. Yəni Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edəndə, Luqansk və Donetsk bölgələri birtərəfli şəkildə müstəqilliklərini elan etdilər və Rusiya da bu bölgələrin "müstəqilliyini" tanıdı. Beləliklə, Ukrayna daxilində parçalanma prosesi yaşandı və Zelenski də bu geosiyasi reallığı nəzərə alaraq 15 may tarixində Türkiyəyə gələcəyini elan etdi. Türkiyənin bu məsələdəki vasitəçi rolu çox önəmlidir. Müharibənin başladığı ilk gündən etibarən Türkiyə neytral mövqe tutaraq, həm Ukrayna, həm də Rusiya ilə münasibətləri bərabər şəkildə davam etdirməyə çalışdı. NATO üzvü olmasına baxmayaraq, Türkiyə NATO-nun bütün qərarlarına tam riayət etmədi və balanslı siyasət yürütməyə üstünlük verdi”.
 
Həmsöhbətimiz Qara dənizdə hər iki ölkə ilə qonşu olan Türkiyənin bu əlaqələrini dialoq yolu ilə davam etdirərək "taxıl dəhlizi" razılaşmasını həyata keçirməyə nail olduğuna diqqət çəkib:
 “Bu razılaşma çərçivəsində həm Zelenski, həm də Putin Türkiyəyə iki dəfə səfər etdilər və Türkiyənin təşəbbüsü ilə taxıl dəhlizi razılaşmaları imzalandı. Hətta müharibənin əvvəlində Türkiyə Antalyada Ukrayna və Rusiya xarici işlər nazirlərini bir araya gətirərək, münaqişənin diplomatik yolla həllinə çalışmışdı. Nəticə etibarilə, Türkiyədə keçiriləcək yeni görüşmənin atəşkəsin əldə olunması istiqamətində mühüm bir addım ola biləcəyini söyləmək olar. Ancaq burada Putinin danışıqlardan öncə "olmazsa-olmaz" saydığı bəzi tələbləri var. O, Krımın Rusiyaya ilhaqının Ukrayna tərəfindən rəsmi şəkildə tanınmasını istəyəcək. Bununla yanaşı, Ukraynanın şərqində birtərəfli şəkildə “müstəqilliklərini” elan edən Luqansk və Donetsk “xalq respublikalarının” da tanınmasını tələb edəcək. Bu isə Zelenskinin ərazi itkilərini qəbul etməsi anlamına gələcək. Bu məsələdə Zelenski ciddi müqavimət göstərə bilər və ya qərar verməkdə çox çətinlik çəkəcək. Lakin ABŞ və Avropa ölkələrindən hərbi və maddi dəstəyin kəsiləcəyini bildiyi üçün, müəyyən bir şəkildə bu şərtləri qəbul edərək atəşkəsə razı ola biləcəyi ehtimalı yüksəkdir. Əgər dəstək davam etsəydi, müharibə də davam edəcəkdi. Lakin bu, Ukraynanın həm iqtisadi baxımdan, həm də ərazi baxımından daha böyük itkilərə məruz qalması ilə nəticələnəcəkdi. Zelenski bunu nəzərə alaraq atəşkəsə razı olacaq”.
 
“Bu atəşkəsin və görüşmənin Türkiyədə baş tutması isə həm Türkiyənin neytrallığı baxımından, həm də bölgədə sülh və sabitlik üçün regional güc kimi rolunun önə çıxması baxımından əhəmiyyətlidir. Eyni zamanda, ABŞ prezidenti Trampın da Türkiyənin vasitəçilik rolunu dəstəkləməsi vacib bir məqamdır. Tramp da artıq anlayıb ki, Türkiyə neytral və sabit bir bölgə gücü kimi mühüm bir mövqeyə malikdir və bu, regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyır”,- deyə o qeyd edib.
 
Mehin Mehmanqızı
 
Seçilən
0
50
moderator.az

10Mənbələr