AZ

Səudiyyə Ərəbistanı və ABŞ: “Yeni qızıl dövr”

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Krallıqda səfərdə olan ABŞ prezidenti Donald Tramp Ağ Evin iki ölkə arasında münasibətlərdə “yeni qızıl çağ” adlandırdığı dövrün açılışını ediblər. Dünən Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-ABŞ İnvestisiya Forumuna qatılan iki lider texnologiya, enerji, müdafiə və infrastruktur kimi sektorları əhatə edən görünməmiş strateji tərəfdaşlığa imza atıb.

Hafta.az-ın yazdığına görə, Yamama sarayında keçirilən sammitdə vəliəhd şahzadə Məhəmməd bin Salman və Prezident Tramp iki ölkə arasındakı əlaqələri və müxtəlif sahələrdə strateji tərəfdaşlığın ölçülərini artırmaq üçün koordinasiya səylərini nəzərdən keçiriblər. Tərəflər regional və beynəlxalq hadisələri, ümumi maraq doğuran məsələləri, təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində səyləri müzakirə ediblər.

Vəliəhd şahzadə və ABŞ prezidenti iki ölkə hökumətləri arasında Strateji İqtisadi Tərəfdaşlıq Sənədini imzalayıb və müxtəlif sahələrdə ikitərəfli sazişlərin, əməkdaşlıq və anlaşma memorandumlarının imzalanmasının şahidi olublar. Ağ Evin məlumatına görə, imzalanan sazişlər hər iki ölkə üçün “tarixi”dir və “ABŞ-la Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığın yeni qızıl dövrünü” təmsil edir.

Prezident Trampın səfəri ilə eyni vaxtda Ər-Riyad Səudiyyə Ərəbistanı və ABŞ-dan çoxlu sayda nazir, rəsmi və iri korporativ liderlərin iştirak etdiyi Səudiyyə Ərəbistanı – ABŞ İnvestisiya Forumuna ev sahibliyi edib.

Səudiyyə Ərəbistanı-ABŞ İnvestisiya Forumunda iştirak edən vəliəhd şahzadə Məhəmməd bin Salman, “ABŞ ilə 92 il əvvəl başlayan tarixi dostluq əlaqələrimiz var və bu gün onları dərinləşdirmək üçün bir araya gəldik” deyəyərək Səudiyyə iqtisadiyyatının ABŞ-ın regiondakı ən böyük tərəfdaşı olduğunu, ABŞ-la birgə işin təkcə iqtisadiyyatla məhdudlaşmadığını, həm də dünyada sülh və təhlükəsizliyin təmin olunmasını əhatə etdiyini söyləyib. Məhəmməd bin Salman sözlərini belə davam etdirib: "Səudiyyə Ərəbistanı ABŞ-ın regiondakı ən böyük iqtisadi tərəfdaşıdır və iki ölkə arasında tərəfdaşlıq imkanlarının həcmi 600 milyard dollara, forumda elan edilən razılaşmalar isə 300 milyard dollara çatıb. Biz ABŞ-la 300 milyard dollardan çox müqavilə imzalamışıq və növbəti mərhələdə bunu 1 trilyon dollara çatdıracaq yeni layihələr üzərində işləyəcəyik. Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondunun qlobal sərmayələrinin 40 faizi ABŞ-dadır və bu gün təxminən 1300 Amerika şirkəti Səudiyyə Ərəbistanına sərmayə qoyub”.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp forumdakı çıxışında iki ölkə arasındakı münasibətlərə və regiondakı vəziyyətə toxunub. "Mən İrana "yeni yol" təklif etmək istəyirəm. Amma İran rəhbərliyi bu “zeytun budağı”ndan imtina edərsə və qonşularına hücum etməyə davam edərsə, bizim maksimum təzyiq göstərməkdən başqa çarəmiz qalmayacaq" deyib.

Tramp Səudiyyə Ərəbistanına Ukrayna danışıqlarının asanlaşdırılmasında konstruktiv roluna görə təşəkkür edib. ABŞ prezidenti Livanın İran və Hizbullah-ın siyasətinin qurbanı olduğunu deyib, qonşuları ilə birlikdə daha yaxşı gələcəyin qurulmasına kömək etməyə hazır olduğunu bildirib. Qəzza xalqının “daha ​​yaxşı gələcəyə layiq olduğunu” ifadə edən Tramp, “Əgər o dövrdə ABŞ prezidenti olsaydım, 7 oktyabr hadisələri baş verməzdi” deyib.

Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Əl-Falih Səudiyyə Ərəbistanı-ABŞ İnvestisiya Forumunda açılış nitqində Krallığın sabit iqtisadi siyasətinin onun investisiya cəlbediciliyinə töhfə verdiyini bildirərək, ölkəsinin təkcə kapital cəlb etməyi deyil, həm də bilik və texnologiyanı ötürən, sənayeləri lokallaşdıran strateji tərəfdaşlıqlar qurmağı hədəflədiyini vurğulayıb.

Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cadan amerikalı həmkarı Skott Bessentlə birgə dialoq sessiyasında çıxış edərək, Səudiyyə Ərəbistanında rekord müddətdə əldə edilənlərin görünməmiş struktur transformasiyası olduğunu açıqlayıb. Digər tərəfdən, Bessent ABŞ-Səudiyyə Ərəbistanı əlaqələrinin gücünü vurğulayaraq, Krallıqla münasibətləri “tarixi” adlandırıb.

Seçilən
0
13
hafta.az

10Mənbələr