Kaliforniyanın Beverli Hills şəhərində Milken İnstitutunun Qlobal Konfransının qapalı sessiyasında çıxış edən ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin rəhbəri İlon Mask bildirib ki, süni intellekt hazırda dövlət işçilərinin yerinə yetirdiyi bəzi tapşırıqları icra edə bilər.
O, ABŞ hökumətini səmərəsiz adlandırıb və süni intellektin hazırda bəzi dövlət işçilərinin yerinə yetirdiyi funksiyaları öz üzərinə götürməli olduğunu söyləyib.
Doğrudanmı süni intellekt dövlət məmurlarını əvəz edə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyib ki, Mask son zamanlar süni intellektin imkanları barədə çox danışır:
“Lakin bir çox hallarda öz fikirlərinin əleyhinə gedir. Məsələn, bir müddət əvvəl bir çox alimləri bir araya gətirərək süniintellektin dayandırılması barədə çağırışlar etmişdi.
O bəzi yerlərdə zəif qaldıqda manipulyasiya edir. Lazım gələndə isə bu texnologiyanı həddən artıq şişirtməkdən belə çəkinmir. O ki, qaldı onun son fikirlərinə... Deyə bilərəm ki, süniintellekt rutin proseslərin avtomatlaşdırılmasında, hər hansı bir kargüzarlığın və eləcə də vətəndaşlara dövlət xidmətinin çatdırılmasında, bəzi bürokratik əngəllərin aşılmasında və qanunla istinad olunmuş xidmətlərdə böyük fayda verə bilər.
Amma süni intellektin insan müdaxiləsi, nəzarəti olmadan hər hansı bir məsələyə münasibət bildirməsi uyğun deyil. Süni intellekt hələki təşəbbüs edə bilmir, mütləqdir ki, onun emal etdiyi məhsullara insan nəzarət etsin. Bunu bütün süni intellekt modelləri də etiraf edirlər. Ona görə də heç bir ölkədə hələki süni intellektin təşəbbüskarlığına ehtiyac duyulmur. Yəqin ki, uzun illər də bu belə olacaq”.
Müsahibimiz qeyd edib ki, süni intellektin peşələrimizin əlimizdən alacağı barədə aparılan PR kampaniyası hələ ki, özünü doğrultmur:
“Bütün peşələrdə insan faktoru var. Süni intellekt bəzi peşələrdə insanlara köməkçi alət rolunda çıxış edir. Hal-hazırda süni intellektin ən yaxşı bacardığı iş korrektə və tərcümədir. Hətta bu işlərdə də son varianta insan nəzarət edir.
Nəzərə alaq ki, süni intellektin tam təkmilləşməsi illər alacaq. Ona görə də dövlət işçilərini süni intellektlə əvəz edilməsi ancaq fantastik düşüncə ola bilər. Bununla paralel süni intellekt avtomatlaşmada, proseslərin sürətləndirilməsində və məlumatların sürətli emalında faydalıdır və faydalı olacaq”.
Surxay Atakişiyev, Bizim.Media