AZ

Şagirdlər dərs tapşırıqlarını süni intellektə ETDİRİR – Təhsil aləti, yoxsa aldatma vasitəsi?

Süni intellekt indiyə qədər inkişaf etdirdiyimiz ən vacib texnologiyaya çevrilib. Sürətlə inkişaf edən bu alətdən istifadə  genişlənib. Artıq şagirdlərin də dərs tapşırıqlarında bu texnologiyadan istifadəsi ilə bağlı məlumatlar var.  Amma məsələ təhsil sahəsində ciddi müzakirə yaradıb.

Maraqlıdır, şagirdlərin süni intellektdən kütləvi surətdə istifadəsi onların təhsil bacarıqlarına necə təsir edəcək?

Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya açıqlamasında bildirib ki, bu tendensiyanın qarşısını almaq üçün həm valideynlərin, həm də müəllimlərin üzərinə ciddi məsuliyyət düşür:

 “Şagirdlər texnologiyanı bilik və bacarıq əvəzinə istifadə etdikdə, əslində, özlərini aldadır və öyrənmə prosesindən uzaqlaşırlar. Bu çox narahatedici haldır. Prosesə nəzarət birbaşa valideynlərin üzərində olmalıdır. Əgər valideyn övladının dərs çalışması zamanı onu mobil telefondan və ya digər texnoloji vasitələrdən uzaq tuta bilmirsə, təbii ki, uşaq bu kimi tətbiqlərin köməyindən istifadə etməyə meyilli olacaq”.

Ekspert bu məsələdə məktəb və müəllimlərin də rolunun böyük olduğunu vurğulayıb:

 “Onlar şagirdlərlə maarifləndirici söhbətlər aparmalı, bu cür texnoloji vasitələrin sui-istifadəsinin onlara uzunmüddətli fayda gətirmədiyini izah etməlidirlər. Bu alətlərdən istifadə edərək tapşırıqları yerinə yetirmək, əslində, şagirdin özünü aldatmasıdır. Bu yolla nə bilik, nə də bacarıq formalaşır. Texnologiyanın təhsildə dəstəkləyici vasitə kimi istifadəsi müsbət qarşılanmalıdır, lakin onun şagirdlərin real öyrənmə prosesini əvəz etməsi qəbuledilməzdir”, - deyə Elçin Əfəndi qeyd edib.

Aygün Hüseyn, Bizim.Media

 

Seçilən
0
50
bizim.media

10Mənbələr