16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Binə stadionunda Belarusun müvafiq yaş qrupuna qarşı keçirilən yoxlama görüşündən sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.
Msport.az xəbər verir ki, o, 2:1 hesablı qələbəyə baxmayaraq, tam gücləri ilə oynaya bilmədiklərini söyləyib:
“Bu kollektivlə 2025-ci ildə keçirdiyimiz ilk toplanışdır. Futbolçularımız ayın əvvəlindən liqalarda pley-off oyunlarına çıxmışdılar. Bu səbəbdən, demək olar ki, tam komanda şəklində məşq edə bilməmişik. Fiziki yorğunluğun olması normaldır. Təbii ki, belədə arzulanan oyunu sərgiləmək çətin olur. Qalibiyyətə sevinirik. Ümid edirəm ki, bu qələbələrin ardı gələcək. Nəzərə alaq ki, bu futbolçuların beynəlxalq təcrübələri azdır. Belə oyunlarda çıxış etdikcə daha yaxşı performansı ortaya qoyacaqlar”.
Qeyd edək ki, U-16 millimiz Belarus yığması ilə mayın 11-də ikinci yoxlama görüşündə qarşılaşacaq. Eyni məkanda keçiriləcək oyun saat 17:00-da başlayacaq.