"Bu kollektivlə 2025-ci ildə keçirdiyimiz ilk toplanışdır. Futbolçularımız ayın əvvəlindən liqalarda pley-off oyunlarına çıxmışdılar. Bu səbəbdən, demək olar ki, tam komanda şəklində məşq edə bilməmişik".
İdman.biz xəbər verir ki, bunu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev deyib.
O, Belarusun müvafiq yaş qrupuna qarşı keçirilən yoxlama görüşündə qazanılan 2:1 hesablı qələbəni şərh edib: “Fiziki yorğunluğun olması normaldır. Təbii ki, belədə arzulanan oyunu sərgiləmək çətin olur. Qalibiyyətə sevinirik. İnanıram ki, bu qələbələrin ardı gələcək. Nəzərə alaq ki, bu futbolçuların beynəlxalq təcrübələri azdır. Belə oyunlarda çıxış etdikcə daha yaxşı performansı ortaya qoyacaqlar”.
Qeyd edək ki, U-16 millimiz Belarus yığması ilə mayın 11-də ikinci yoxlama görüşündə qarşılaşacaq. Eyni məkanda keçiriləcək oyun saat 17:00-da başlayacaq.
İdman.biz