"Bu kollektivlə 2025-ci ildə keçirdiyimiz ilk toplanışdır. Futbolçularımız ayın əvvəlindən liqalarda pley-off oyunlarına çıxmışdılar. Bu səbəbdən demək olar ki, tam komanda şəklində məşq edə bilməmişik".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Aqil Nəbiyev AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
O, bu gün Belarus komandası üzərində yoldaşlıq görüşündə qazanılan qələbəyə (2:1) görə sevincini gizlətməyib: "Fiziki yorğunluğun olması normaldır. Təbii ki, belə olan halda arzulanan oyunu sərgiləmək çətin olur. Qalibiyyətə sevinirik. İnanıram ki, bu qələbələrin ardı gələcək. Nəzərə alaq ki, bu futbolçuların beynəlxalq təcrübələri azdır. Belə oyunlarda çıxış etdikcə daha yaxşı performansı ortaya qoyacaqlar”.
Qeyd edək ki, U-16 yığmamız mayın 11-də Bakıda Belarusla ikinci yoxlama matçında qüvvəsini sınayacaq.