Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın oyunlarındakı qayda pozuntularına hüquqi qiymət verilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İkinci Liqanın 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Şəki Siti” – “Kür-Araz” oyununun 81-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Kür-Araz” buna görə 50 manat cərimə edilib. Bu oyuna Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə Şəki komandası 100 manat cərimə edilib.
“Göygöl” – “Qusar” oyunu “Qusar” komandasının görüşə gec gəlməsi səbəbindən gec başladığı üçün sözügedən klub 150 manat cərimə edilib. Oyunun 90-cı dəqiqəsində “Qusar”ın futbolçusu Orxan Qurbanlı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Qusar” komandası buna görə 300 manat cərimə edilib.
“Hypers Quba” – “Dinamo” oyununda “Hypers Quba”da 6 nəfər sarı vərəqə aldığı üçün Quba komandası 70 manat cərimə edilib.
“Şəmkir” – “Araz Saatlı” oyununun 71-ci dəqiqəsində “Araz Saatlı”nın futbolçusu Ramiz Qasımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Saatlı komandası buna görə 100 manat cərimə ödəyəcək. Bu oyuna Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün “Şəmkir” 100 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” komandası 80 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəmkir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” klubu 150 manat cərimə ödəyəcək.