Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqa, Birinci Liqa və Əvəzedicilər Liqası ilə bağlı qərarlar qəbul olunub.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası, 31-ci tur
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 78-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Vanderson Melo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Araz-Naxçıvan” buna görə 500 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Naxçıvan komandası 800 manat cərimə edilib. “Turan Tovuz”un azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Tovuz komandası 1500 manat cərimə edilib.
“Şamaxı” – “Kəpəz” oyununun 85-ci dəqiqəsində “Şamaxı”nın futbolçusu Maykl Tuik ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Şamaxı” buna görə 500 manat cərimə edilib. “Kəpəz” tərəfindən ehtiyat skamyaya dəymiş zərər Gəncə klubu tərəfindən ödəniləcək.
Birinci Liqa, 22-ci tur
“Baku Sportinq” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Lökbatan klubu 70 manat cərimə edilib.
“Cəbrayıl” – “Mingəçevir” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” 80 manat cərimə edilib.
“Difai” – “Zaqatala” oyununun matçöncəsi iclasında “Zaqatala”nın nümayəndəsi iştirak etmədiyinə görə “Zaqatala” klubu 80 manat cərimə edilib.
MOİK – “Karvan” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK klubu 70 manat cərimə edilib. Dəhlizdə, ev sahibi komandanın soyunub-geyinmə otağında “A buraxılışı” vəsiqəsindən istifadə etməyən şəxslər olduğuna görə MOİK klubu 50 manat cərimə edilib. Xərəkdaşıyanların say limiti pozulduğuna görə MOİK komandası 80 manat cərimə edilib.
“İmişli” – “Qəbələ” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” klubu 70 manat cərimə edilib. “Qəbələ”də 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” klubu 70 manat cərimə edilib.
Birinci Liqa, 20-ci tur
“Difai” – “Karvan” oyunu ilə bağlı AFFA Apellyasiya Arbitraj Tribunalının 18 aprel tarixli qərarına əsasən məsələyə yenidən baxılıb və qərara alınıb:
“Difai” – “Karvan” görüşündə oyun günü planının pozulmasına (meydança sulanmayıb, qapı torunda problem olduğu üçün matç 6 dəqiqə gec başlayıb) görə “Difai” klubu 100 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 31-ci tur
“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan komandası 70 manat cərimə edilib.
“Sabah-2” – “Səbail-2” oyununda “Sabah” komandası Əsasnamənin tələbini (maddə 3, bənd 20) pozduğuna görə 50 manat cərimə edilib. Oyun bitdikdən sonra “Sabah”ın futbolçusu Əli Abbasov rəqib komandanın ünvanına qıcıqlandırıcı və qeyri-etik hərəkət etdiyinə görə 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb. “Sabah” buna görə 200 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. Oyun bitdikdən sonra “Səbail”in futbolçusu Bəhram Köçərli hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. “Səbail” buna görə 300 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Şamaxı-2” – “Kəpəz-2” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Şamaxı” 80 manat cərimə edilib.
“Zirə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” 70 manat cərimə edilib.