EN

Zamiq Əliyev sarı vərəqə aldı, “Eqnatiya” evdə uduzdu

Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025-ci illər mövsümünün 33-cü turu çərçivəsində “Elbasani” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Əliyev start heyətdə meydana çıxdığı bu görüşdə sonadək mübarizə aparıb. O, 26-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Eqnatiya” 33 turdan sonra 58 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində ilk pillədə qərarlaşıb. Sözügedən komanda 33 oyunda 16 qələbə qazanıb, 10 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 37 oyuna çıxıb, 1 qola imza atıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

“Eqnatiya” 2023/2024-ci illər mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Chosen
88
5
arena.az

10Sources