AZ

Zamiq Əliyevin komandası son oyunda da uduzdu

Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2024/2025 mövsümünün sonuncu – 36-cı turu çərçivəsində “Teuta” ilə qarşılaşıb.

Əvvəlki üç turda qələbəyə həsrət qalmış “Eqnatiya” mövsümün əsas hissəsinin son turunda da məğlubiyyətə üzülüb – 1:2.

Əliyev bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Eqnatiya” son turlardakı məğlubiyyətlərə baxmayaraq, mövsümün əsas hissəsini lider kimi başa vurub. Komanda 36 turdan sonra 59 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında zirvədə qərarlaşıb. Futbolçumuzun komandası 36 oyunda 16 qələbə qazanıb, 11 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Albaniya çempionatında mövsümün qalibi ilk dörd pillədə qərarlaşmış komandalar arasında keçiriləcək pley-off mərhələsinin oyunlarından sonra müəyyənləşəcək. Qeyd edək ki, ikinci yeri 57 xalı olan “Vlajniya”, üçüncü yeri 55 xala malik “Dinamo” (Tirana), dördüncü yeri isə 53 xallı “Partizani” tutub.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 40 oyuna çıxıb, 1 qola imza atıb.

Zamiq Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və 2 oyun keçirib.

“Eqnatiya” 2023/2024-ci illər mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Seçilən
5
4
arena.az

10Mənbələr