AZ

Zamiq Əliyev 120 dəqiqə oynadı, “Eqnatiya” finalda uduzdu

Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya Kubokunun 2024/2025-ci illər mövsümünün finalında Tirana “Dinamo”su ilə qarşılaşıb.

Qarşılaşmanın əsas vaxtında qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Amma əlavə vaxtda başqa qol qeydə alınmayıb. Nəticədə qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Dinamo” Albaniya Kubokunun qalibi olub.

Əliyev start heyətdə meydana çıxdığı bu görüşdə sonadək mübarizə aparıb.

Xatırladaq ki, “Eqnatiya” ölkə çempionatında da uğurlu çıxış edib. Sözügedən komanda mövsümün əsas hissəsini zirvədə başa vurub. Amma reqlamentə əsasən, çempion “dördlər finalı”nda müəyyənləşəcək. “Eqnatiya” çempionatda keçirdiyi 36 oyunda 16 qələbə qazanıb, 11 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 41 oyuna çıxıb, 1 qola imza atıb.

Zamiq Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və 2 oyun keçirib.

“Eqnatiya” 2023/2024-ci illər mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Seçilən
0
4
arena.az

10Mənbələr