EN

Zamiq Əliyev “Partizani”yə qarşı 90 dəqiqə oynadı

Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya kubokunun yarımfinalında ilk matçını keçirib.

Öz meydanında “Partizani”ni qəbul edən “Eqnatiya” 0:1 hesabı ilə uduzub. Qonaqlar yeganə qolu 85-ci dəqiqədə penaltidən vurublar. Start heyətində yer almış Zamiq 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 23-də “Partizani”nin meydanında keçiriləcək.

“Eqnatiya” 32 turdan sonra 58 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində ilk pillədə qərarlaşıb. Sözügedən komanda 32 oyunda 16 qələbə qazanıb, 10 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 35 oyuna çıxıb, 1 qola imza atıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

“Eqnatiya” 2023/2024-ci illər mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Chosen
144
5
arena.az

10Sources