AZ

İran ABŞ-ın uranın zənginləşdirilməsini dayandırmaq tələbini rədd edib

İran uranın zənginləşdirilməsini ABŞ-la saziş imzalanmasından asılı olmayaraq davam etdirəcəyini bildirib. Bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi bazar günü sosial şəbəkədə açıqlama verib.

"İranda uranın zənginləşdirilməsi saziş olsa da, olmasa da davam edəcək", –  Əraqçi X platformasında yazıb.

O əlavə edib ki, İran ciddi dialoqa hazırdır, lakin nüvə hüququndan imtina etməyəcək.

Bu bəyanat ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun açıqlamalarından sonra səsləndirilib.

Uitkoff ABC News-a verdiyi müsahibədə ABŞ-ın "İranda hətta 1% zənginləşdirməyə belə" yol verməyəcəyini deyib.

“Bizim qırmızı xəttimiz zənginləşdirmədir,” –  o vurğulayıb.

Uitkoff bildirib ki, gələn həftə Avropada ABŞ və İran nümayəndələri arasında növbəti görüş keçirilə bilər. O, müsbət nəticələrə ümid etdiyini bildirib. Əraqçi də vasitəçilik edən Omanla birgə qeyri-birbaşa danışıqların beşinci raundunun yaxın zamanda təyin oluna biləcəyini deyib.

Tehran bildirib ki, sanksiyalar qaldırılarsa, zənginləşdirmə həcminin məhdudlaşdırılmasını müzakirə etməyə hazırdır, lakin nüvə proqramını tam dayandırmaq niyyətində deyil.

 

N.Təbrizli

Seçilən
0
45
anews.az

10Mənbələr