AZ

KİV: Netanyahu Trampın Ərdoğana dəstəyindən narazıdır

BAKI, 5 may. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq siyasətindən məyusdur.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Israel Hayom” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin iddiasına görə, Netanyahu köməkçilərinə deyib ki, Tramp ikitərəfli görüşlər zamanı (xüsusən də Suriya və İranla bağlı) düzgün mövqelər ifadə edir, amma onun əməli addımları bu bəyanatları əks etdirmir.

Qəzet yazır ki, Netanyahu Trampın Suriyada təsir dairəsini genişləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək verməsindən narahatdır: “İsrail Baş naziri həmçinin Trampın İranla nüvə danışıqlarına başlamaq qərarından narahatlığını bildirib”.

“Israel Hayom”un başqa bir iddiasına görə, Netanyahu ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Maykl Uoltsun işdən çıxarılmasından da narahatdır. “The Washington Post”un məlumatına görə, Tramp Uoltsun Tehrana qarşı sərt mövqeyindən və İranın nüvə obyektlərinə hərbi zərbə variantları ilə bağlı Netanyahu ilə koordinasiyasından ötrü qəzəblənib.

İsrail baş nazirinin ofisi bu məlumatı təkzib etməyib. Sadəcə ofisdən nəşrə bildirilib ki, Netanyahu və Tramp bir neçə gün əvvəl apardıqları telefon danışığı zamanı İranın nüvə silahına malik olmaması və bu imkanlarının qarşısının alınması barədə razılığa gəlib.

Seçilən
0
39
teleqraf.com

10Mənbələr