IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş "AMEA-80" adlı panel müzakirəsi təşkil edilib.
Bizim.Media xəbər verir ki, panel müzakirəsində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, filologiya üzrə elmlər doktoru Sərxan Xavəri, fəlsəfə üzrə elmlər doktoru, professor Füzuli Qurbanov iştirak ediblər.
Akademik İsa Həbibbəyli çıxış edərək dövlətin elmə qayğısından söz açıb. AMEA rəhbəri həm paytaxtda, həm də regionda 80 illiklə bağlı müxtəlif tədbirlər keçirildiyini qeyd edib. Lakin o, regional tədbirlərə yubiley tədbiri kimi baxmadıqlarını, elmin inkişafında həmişə atılan addımlar olduğunu vurğulayıb. Akademik noyabr ayında yubiley tədbirinin keçiriləcəyini bildirib.
İsa Həbibbəyli akademiyanın bir çox ölkələrlə, o cümlədən, Türkiyə Elmlər Akademiyası ilə sıx əməkdaşlıq etdiklərini bildirib.
Daha sonra fəlsəfə üzrə elmlər doktoru, professor Füzuli Qurbanov çıxış edərək akademiyda təhqiqatlar aparılması ənənəsindən danışıb. O bildirib ki, hələ orta əsrlərdə Azərbaycanda akademik düşüncə ənənəsi formalaşıb.
Panel müzakirə digər elm nümayəndələrinin çıxışı ilə davam edib.
Qeyd edək ki, festivalın 6-cı günü Türkiyə Respublikası və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media