AZ

Putin nə İSTƏYİR...

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin dayandırılması üçün Qərb liderlərindən yazılı şəkildə NATO-nun şərqə doğru genişlənməsinin dayandırılmasına və Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaların ləğvinə dair zəmanət istəyir.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Putin Ukrayna ilə atəşkəsi və sülh razılaşmasının konturlarını müəyyən edəcək memorandum üzərində işləməyə razılıq verib.

Lakin Rusiya hazırda öz versiyasını hazırladığını və bunun nə qədər vaxt aparacağını dəqiq deyə bilmədiyini bildirib. ABŞ Prezidenti Donald Tramp isə Putinin danışıqlara getməməsindən narazılığını ifadə edib və onun "odla oynadığını" bildirib.

Rusiya, Ukraynanın neytral statusda olmasını, dondurulmuş aktivlərlə bağlı məsələlərin həllini və Ukraynadakı rusdilli əhalinin hüquqlarının qorunmasını da tələb edir. Qərb isə Rusiyanın NATO-nun genişlənməsinə veto qoymaq hüququ olmadığını bildirir.

Putin əvvəllər də Ukraynanın NATO-ya üzvlük ambisiyalarından imtina etməsini və Rusiya tərəfindən iddia edilən dörd regiondan tam çıxmasını tələb edib. Tramp isə ABŞ-ın keçmiş siyasətlərinin müharibəyə səbəb olduğunu deyir və Ukraynanın NATO-ya üzvlüyünü istisna edir.

Analitiklərə görə, Moskva NATO-nun genişlənməsinin qarşısının alınması ilə bağlı yazılı öhdəlik istəyir, çünki SSRİ dağıldıqdan sonra ABŞ-ın verdiyi şifahi vədlərin yerinə yetirilmədiyinə inanır. Bu arada NATO bildirir ki, “açıq qapı” siyasətindən imtina etmək niyyətində deyil.

Seçilən
0
50
modern.az

10Mənbələr