Hadisələr göstərir ki, Rusiya mövcud şərtlərlə müharibəni dayandırmaq istəmir. Amma bu vəziyyətdə belə Tramp administrasiyası Rusiyaya qarşı daha sərt davranmaq niyyətində deyil.
Bəs bunun səbəbi nədir və proseslərin sonrakı inkişafı necə olacaq?
Bu barədə Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Donald Trampın Rusiyaya qarşı hələ də qəti tədbirlər görməməsini onun şəxsi xüsusiyyətləri ilə əlaqələndirdi.
Politoloqun fikrincə, Trampın əvvəllər bizneslə məşğul olması, bütün məsələlərə bu prizmadan yanaşması Rusiyanın arxayın davranmağa imkan yaradır:
"Tramp siyasətçi olmaqdan əvvəl iş adamı idi. O, indi də bütün məsələlərə qazanc və fayda prizmasından yanaşır, qərarlarını nəticəyə əsaslanaraq verir. Bu səbəbdən onun üçün bəzi geosiyasi məsələlər ikinci dərəcəli əhəmiyyət daşıya bilər. Tramp prezidentlik dövrü ərzində daim “Əvvəlcə Amerika” prinsipini müdafiə edib və atdığı addımlar da bu şüarın reallaşdırılmasına yönəlib.
Məsələn, Yaxın Şərqə, xüsusilə Səudiyyə Ərəbistanına, Qətərə və Birləşmiş Ərəb Əmirliklərinə etdiyi səfərlər nəticəsində ümumilikdə 1,2 trilyon dollarlıq investisiyanın ABŞ-a cəlb olunmasına nail oldu. Bununla yanaşı, təxminən 1,2 trilyon dollar dəyərində silah satışına dair müqavilələr imzalandı. Bu faktlar Trampın düşüncə tərzini və iqtisadi maraqları ön plana çıxardığını açıq şəkildə nümayiş etdirir”.
Politoloqun qənaətincə, əgər Tramp administrasiyası da Co Bayden administrasiyası kimi davranarsa Ukrayna-Rusiya münaqişəsinə böyük maliyyə xərcləməlidir. Onun sözlərinə görə, Tramp bunu istəmir.
N.Miri onu da bildirdi ki, Ukrayna-Rusiya müharibəsi ABŞ üçün strateji əhəmiyyət daşımır:
“Tramp bu qarşıdurmanı Vaşinqtonun maraq dairəsindən kənar bir regional münaqişə kimi dəyərləndirir. Buna görə də Ukraynaya hərbi və maliyyə yardımı göstərmək niyyətində deyil. Eyni zamanda, Tramp NATO məsələsində də sərt ritorikadan istifadə edir. O, alyansın maliyyə yükünün böyük hissəsinin ABŞ-nin üzərində olmasını ədalətsiz sayır və digər üzv dövlətlərdən ÜDM-lərinin ən azı 5 faizini NATO-ya ayırmağa istəyir. Halbuki Avropa ölkələri bu qədər vəsait sərf etməyə meylli deyillər. Tramp isə cavab olaraq bəzi Avropa ölkələrindən ABŞ hərbi qüvvələrini çıxarmaqla hədələyir.
Trampın siyasi qərarları əsasən qısa müddətli maraqlara əsaslanır. O, uzunmüddətli planlamadan daha çox, cari reallıqlar ilə hərəkət edir. Əgər bu gün ABŞ üçün faydalı bir addım varsa, dərhal onu həyata keçirir. Lakin strateji baxımdan davamlı plan qurmaq Trampın üslubuna uyğun deyil”.
Müsahibimiz qeyd edib ki, Tramp Rusiya ilə qarşıdurma əvəzinə, onu əsas rəqib hesab etdiyi Çindən uzaqlaşdırmağa çalışır:
“Bu yanaşma isə əslində ciddi strateji səhv hesab olunur. Belə ki, bu vəziyyət Vladimir Putinə daha geniş taktiki imkanlar verir. Rusiya lideri həm Çin, həm də ABŞ arasında balans siyasəti apararaq hər iki tərəfdən üstünlük qazanmağa çalışır.
Tramp öz açıqlamalarında Putinlə “çox yaxşı əlaqələrinin” olduğunu desə də, əslində Rusiya lideri bu münasibətlərdən manipulyativ şəkildə istifadə edir.
Trampın dəyişkən və proqnozlaşdırılması mümkün olmayan siyasəti ABŞ-nin qlobal səviyyədə etimadına zərbə vurub. O, ABŞ marağı olmayan heç bir ölkə və ya bölgəyə nə diqqət, nə də resurs ayırmaq istəmir. Bu isə beynəlxalq sistemdə etimad boşluğu yaradır”.
Fidan Hacızadə
Sfera.az