AZ

"Putin müharibəni dayandırmayacaq, çünki özünü qalib sayır" - Tramp

 
"Tramp Rusiyanı atəşkəsə məcbur etmək istəmir, bu da ABŞ-ın sülh prosesindən tamamilə kənara çəkilə biləcəyindən xəbər verir..."
 
ABŞ prezidenti Donald Tramp bu həftə Rusiya lideri Vladimir Putinlə danışdıqdan sonra Avropa liderlərinə bildirib ki, Putin müharibəni dayandırmağa hazır deyil, çünki o, artıq qalib gəldiyini düşünür.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb 
 
Məlumatda qeyd edilir ki, Tramp ilk dəfə bu reallığı açıq şəkildə etiraf edib. Onun bu etirafı Avropa liderlərinin artıq çoxdan dərk etdiyi bir həqiqəti təsdiqləyib. Halbuki Tramp əvvəllər dəfələrlə bəyan edib ki, guya Putin sülh istəyir.
 
Lakin Trampın bu anlayışı onu Avropanın və Ukrayna prezidenti Vladimir Zelenskinin gözlədiyi addımı armağa, yəni Rusiyaya qarşı təzyiqləri gücləndirməyə vadar etməyib.
 
Nəşrin mənbələrinə görə, Tramp bazar günü, yəni Putinlə danışmazdan öncə Avropa liderləri ilə görüşündə Putinin atəşkəsdən imtina edəcəyi təqdirdə sanksiyalar tətbiq edə biləcəyini söyləyib. Lakin bazar ertəsi fikrini dəyişib və əvəzində Rusiya ilə Ukrayna arasında Vatikanda daha aşağı səviyyəli danışıqlara başlamaq istədiyini bəyan edib.
 
Avropalılar bu vəziyyətdə müəyyən müsbət cəhət də görüblər: Putinin mövqeyi artıq hər kəsə, o cümlədən Trampa da bəllidir, o, hələlik müharibəni dayandırmaq niyyətində deyil. Bu da Avropa ölkələrinə göstərir ki, Ukraynaya dəstək əsasən onların üzərinə düşür. Jurnal yazır ki, avropalılar Tramp administrasiyasının ABŞ silahlarının ixracını yalnız bu silahların pulunu Avropa və ya Ukrayna ödədiyi müddətdə davam etdirəcəyinə inanır.
 
Trampın Avropa liderləri ilə danışıqlarının təfərrüatları
 
Bazar ertəsi bəzi avropalı liderlər Vatikanda iyun ayının ortalarında başlanması nəzərdə tutulan danışıqların nəticəsinin qeyri-şərtsiz atəşkəs olmalı olduğunu vurğulayıb. Tramp isə buna etiraz edib və bildirib ki, "qeyri-şərtsiz" sözünü bəyənmir, heç vaxt bu ifadədən istifadə etməyib, baxmayaraq ki, mayın 8-də "Truth Social" platformasında 30 günlük atəşkəsə çağırış edərkən məhz bu sözdən istifadə edib. Nəticədə, Avropa tərəfi "qeyri-şərtsiz" sözündən imtina etməyə razılaşıb.
 
Nəşrin mənbələri bildirir ki, bazar günü Trampın Avropa liderləri ilə telefon danışığı zamanı o, hər zamankı üslubunda həm tərif, həm də tənqid səsləndirib. O, Mertsə ingilis dilindəki nitqinə görə kompliment verib: "Alman aksenti ilə sizi daha çox bəyənirəm", - o,  deyib.
 
Söhbət zamanı Tramp Avropanın miqrasiya siyasətini sərt şəkildə tənqid edərək, nəzarətsiz miqrasiyanın ölkələri "dağıntı astanasına" gətirdiyini bildirib. Fransa prezidenti Emmanuel Makron isə ona etiraz edib: "Xalqlarımıza təhqir edə bilməzsiniz, Donald", -  deyə cavab verib.
 
Buna baxmayaraq, mənbələr söhbətin ümumilikdə pozitiv keçdiyini bildirir. Bəzi iştirakçılarda Trampın Putinə qarşı sanksiyaları dəstəkləyə biləcəyi təəssüratı yaranıb. Amma ertəsi gün bu ümidlər puça çıxıb.
 
Tramp və Ukrayna müharibəsi
 
Trampın Rusiyanı atəşkəsə məcbur etməyə həvəs göstərməməsi onun bu prosesdən tam çəkilə biləcəyi ehtimalını artırır. Son həftələrdə həm Trampın özü, həm də komandası (o cümlədən vitse-prezident Vens və Dövlət katibi Rubio) tərəfindən verilən siqnallar bunu göstərir.
 
Daha da önəmlisi, görünür ki, Tramp artıq hətta Moskvanı danışıqları pozduğuna görə sanksiyalarla cəzalandırmaqda belə maraqlı deyil. Onun əsas məqsədi ABŞ iqtisadiyyatını genişləndirmək və amerikalılar üçün biznes imkanlarını artırmaqdır.
Seçilən
0
50
moderator.az

10Mənbələr