AZ

"Tramp böyük gömrük rüsumları tətbiq etməyi planlaşdırır, "Apple" da hədəfdədir" - "Reuters"

"ABŞ-da satılan "iPhone"-lar Hindistanda və ya başqa yerdə yox, məhz ABŞ-da istehsal edilib və yığılmalıdır..."
 
ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı rəhbərliyinin geri addım atmayacağı və sərbəst ticarətə qayıtmayacağı təqdirdə, Avropa ixracatçılarına qarşı yaxın günlərdə böyük gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, "ABŞ ilə ticarətdə üstünlük qazanmaq məqsədilə qurulmuş Avropa İttifaqı son dərəcə çətin tərəfdaşa çevrilib. Güclü ticarət baryerləri, əlavə dəyər vergisi, əsassız korporativ cərimələr, qeyri-monetar ticarət maneələri, valyuta manipulyasiyaları, amerikalı şirkətlərə qarşı ədalətsiz və əsassız məhkəmə iddiaları və sair nəticədə ABŞ ilə illik 250 milyon dolları aşan ticarət kəsiri yaradıb ki, bu da tamamilə qəbuledilməzdir", - Tramp bəyan edib.
 
Qeyd edək ki, bu açıqlamada prezidentin rəqəmlə bağlı səhv etdiyi görünür: söhbət 250 milyon yox, təxminən 250 milyard dollarlıq ticarət kəsirindən gedir. Tramp bu vəziyyəti dəyişmək istədiyini bildirərək Brüssellə aparılan danışıqların "hələ ki nəticə vermədiyindən" şikayətlənib. "Buna görə də, 2025-ci il iyunun 1-dən etibarən Avropa İttifaqından idxal edilən mallara birbaşa 50 faizlik tarif tətbiq etməyi təklif edirəm", - Tramp vurğulayıb.
 
Xatırladaq ki, ABŞ prezidenti bu il aprelin 2-də ölkənin demək olar ki, bütün ticarət tərəfdaşlarına qarşı müxtəlif tariflər tətbiq edəcəyini açıqlayıb. O zaman Avropa İttifaqı malları üçün tarif 20 faiz olub. Lakin artıq aprelin 9-da Tramp Avropa İttifaqı da daxil olmaqla, əksər ölkələrə qarşı tariflərin tətbiqini 90 gün müddətinə təxirə salıb. Bunun ardınca tərəflər qarşılıqlı tarif siyasəti ilə bağlı danışıqlara başlayıb.
 
Bu arada Avropa İttifaqı cavab tədbirlərinə hazır olduğunu bəyan edib. Avropa Komissiyası ABŞ-dan idxal olunan bir sıra mallara, məsələn, brilyantlar, diş ipi, kolbasa, qoz-fındıq və soya məhsullarına 25 faizlik tarif qoyulmasını təklif edib. Lakin real ticarət disbalansı olduğu üçün ABŞ bazarına məhsul satan Avropa ixracatçıları daha ağır zərbə alacaq.
 
Tramp həmçinin "Apple" şirkətinin məhsullarını və Avropa İttifaqında istehsal olunan malları da tariflərlə hədələyib. Bu təhdidlərini o, özünə məxsus "Truth Social" sosial şəbəkəsində yayımlayıb.
 
Trampın "Apple"a qarşı narazılığı şirkətin məhsullarını ABŞ ərazisindən kənarda istehsal etməsinə görədir. "Mən Tim Kuka ("Apple"-ın rəhbəri) çoxdan bildirmişəm: ABŞ-da satılan "iPhone"-lar Hindistanda və ya başqa yerdə yox, məhz ABŞ-da istehsal edilib və yığılmalıdır. Əgər bu baş verməsə, "Apple" azı 25 faiz rüsum ödəməli olacaq. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!" - Tramp yazıb.
 
ABŞ prezidenti ilə Tim Kuk arasında sonuncu görüş Trampın Qətərə səfəri zamanı baş tutub. Orada Tramp "Apple" rəhbərindən istehsalın Hindistana köçürülməsini dayandırmağı istəyib. O əlavə edib ki, Hindistan hakimiyyəti dünyanın ən yüksək gömrük baryerlərindən birini tətbiq edir və bu, ABŞ məhsullarının bu ölkədə satışını çətinləşdirir.
 
Hazırda "iPhone" istehsal güclərinin əksəriyyəti Çində yerləşir. Bununla yanaşı, istehsalın bir hissəsi Hindistan və Vyetnamda da aparılır. Hindistanda bu markanın məhsullarının 20 faizi istehsal olunur. Ötən il "Apple" Çin istehsalının bir hissəsini Hindistana köçürməyə başlayıb. Trampın təhdidindən sonra "Apple"ın səhmləri birja açılmadan əvvəlki ticarətdə təxminən 4 faiz ucuzlaşıb.
Seçilən
0
50
moderator.az

10Mənbələr