AZ

Özbəkistan millisinin baş məşqçisi: “Azərbaycan Asiyada oynasaydı, dünya çempionatına yollanardı” - MÜSAHİBƏ

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında çıxış edən Özbəkistan milli komandasının baş məşqçisi Vüsal Məhərrəmovun Futbolxeber.az saytına müsahibəsi

- Maraqlı təsadüfdür ki, Bakıda keçirilən minfiutbol üzrə dünya çempionatında Özbəkistan millisinin baş məşqçisi azərbaycanlıdır. Əvvəlcə özünüz haqda məlumat verərdiniz.

- Mən Vüsal Məhərrəmov, Özbəkistanda doğulmuşam, böyümüşəm, əslən İmişlidənəm. Valideynlərim hazırda İmişlidə yaşayır. Özbəkistanda, böyük futbolda oynamışam. “Soqdiana”, “Metallurq”, “Almalıq”. Həmçinin Tacikistanda “Xudjand” klubu ilə 2-ci yeri tutmuşuq. 2021-ci ildə karyeramı bitirdikdən sonra məşqçiliyə başlamışam. Uşaqlarla işləyirəm. Dostumla Özbəkistanla minifutbolu özümüz yaratmışıq. Hazırda 6 liqamız var, futzal da keçiririk, 6x6-a futbol da. Dünya çempionatına qatılmağı istəyirdik. Bizə vəsiqə veriləndən sonra, dünya çempionatına qatıldıq və komandanı yığdıq, baş məşqçi də özüm oldum.

- Adətən ölkə xaricində yaşayan, çıxış edən azərbaycanlı futbolçular haqda Azərbaycan mətbuatında tez-tez yazılar gedir. Maraqlıdır ki, sizin adınıza daha əvvəl rast gəlməmişik. Futbolçu vaxtı AFFA-dan sizə təklif gəlib?

- 2011-ci ildə U-21 yığmasına dəvət edilmişəm. Mən gələndə həmin vaxt baş məşqçi alman idi (Bernhard Lippert-red.). Bədavi Hüseynov, Emin Mustafayev kimi futbolçular U-21-də idi. Həmçinin 2012-ci ildə “Sumqayıt”a keçə bilərdim. Amma Azərbaycan pasportu almaq mümkün olmadı, ona görə də geri qayıtdım.

- Qeyd etdiniz ki, valideynlərim hazırda İmişlidə yaşayır. Belə çıxır ki, onlar vətənə qayıtsalar da, siz futbola görə Özbəkistanda qaldınız?

- Valideynlərim ailə məsələlərinə görə qayıtdılar. Mən isə dediyiniz kimi, futbola görə orada qaldım.

- Son illər Özbəkistan futbolu çox inkişaf edib. Yığma dünya çempionatının bir addımlığındadır. Bu inkişafı nə ilə əlaqələndirmək olar?

- Özbəkistan Futbol Federasiyası əsas gücü akademiyalara, uşaq futboluna verir. Yeni akademiyalar açılır, stadionlar bərpa edilir. Futbolçu karyerasını bitirmiş şəxsləri itirmirlər. Məşqçi kurslarına göndərirlər.

- Azərbaycan futbolu Özbəkistandan kənardan necə görünür?

- Böyük ölçüdə eynidir. Çox da fərqi yoxdur. Azərbaycan Avropa yox, Asiyada oynasaydı, dünya çempionatına yollanardı.

- Özbəkistan millisinin sıçrayışının səbəbini nədə görürsünüz?

- İlk növbədə legioner həyatı yaşayan futbolçular çoxaldı. Özbək futbolçular xaricə getməyə başladı. Beynəlxalq təcrübəmiz yox idi deyə, haradasa, nəsə çatmırdı. Lakin indiki millimizdə 10-12 legioner həyatı yaşayanlar var. Türkiyə, İtaliya, İngiltərə, 3 nəfər Azərbaycanda oynayır. Bütün bunlar millinin inkişafına təsir edir. Nə qədər çox legioner həyatı yaşayanlar olsa, milli də o qədər inkişaf edər.

- Bir qədər də minifutboldan danışaq. Bakıdakı dünya çempionatının təşkilatçılıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Təşkilarçılıq super, əladır. Bundan əvvəl dostum Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən beynəlxalq turnirdə iştirak etmişdi. Yarış haqda çox müsbət fikirlər səsləndirmişdi. Budəfəki turnirdə özüm də buradayam, həqiqətən təşkilatçılıq çox yüksək səviyyədədir. Martda bura püşkatmaya da gəlmişdim, onda gördüm ki, Azərbaycan təşkilatçılıq məsələsində çox irəli gedib.

- Azərbaycan minifutbol millisi barədə hansı məlumatlara sahibsiniz?

- Minifutbolda Azərbaycan millisinin yaxşı reytinqi var. Gücünü də görürsünüz. Bu mundialda ən güclülərdən biri Azərbaycandır. Mənə elə gəlir ki, Azərbaycan finala qədər gedər.

- Bəs Özbəkistan millisi?

- Biz ilk dəfədir dünya çempionatında çıxış edirik. Komandamızın belə beynəlxalq turnir təcrübəsi yoxdur. Amma oyunçularımız əvvəl futbol oynayıb. Bir də futzal oynayırlar. Biz çox uşağı futzaldan götürmüşük komandaya. Bir az təcrübə çatmır, bir də oyun praktikasının yoxluğu.

İdman.biz

Seçilən
0
27
idman.biz

10Mənbələr