Bakıda keçirilən dünya çempionatının təşkilatçılığı Bosniya və Herseqovina minifutbol yığmasının məşqçisi Elvir Boliçin xoşuna gəlib.
Yenisabah.az xəbər verir ki, Türkiyənin "Fənərbağça" və "Qalatasaray" klublarının sabiq futbolçusu bu barədə "Report"a açıqlama verib.
"Azərbaycanı görmək mənim üçün maraqlı idi. Ona görə ölkənizə gəldim. İlk dəfədir ki, Bakıdayam və təəssüratlarım çox gözəldir. Şəhəri gəzmək imkanım oldu, hər şey maraqlıdır. Burada möhtəşəm qonaqpərvərliyin şahidi olduq. İnternet vasitəsi ilə təşkilatçılığı izləyirdim. Bakı dünya çempionatına çox gözəl hazırlaşıb. Milli Gimnastika Arenasına söz ola bilməz. Türkiyə mənim üçün əzizdir, Azərbaycana da hörmətim böyükdür. Əminliklə söyləyə bilərəm ki, Bakıya yenə gələcəm", - deyə Boliç bildirib.
O, H qrupunun II turunda Qazaxıstan ilə bərabərə qaldıqları (1:1) oyunu şərh edib:
"İlk oyunda, ABŞ üzərində qələbə qazanmışdıq. Qalibiyyət seriyamızı davam etdirmək istəyirdik. İnanırıq ki, qrupdakı son görüşümüzdə üç xal əldə edəcəyik. Bakıya böyük ümidlərlə gəlmişik".
Telegram kanalımız