Türkiyə Rusiya ilə Ukrayna arasında davamlı sülhə gedən yolda “yeni fürsət pəncərəsini” alqışlayır. Bu gün tərəflərin iki yolu var: qan və dağıntıların davamı, ya da sülh. Seçim Kiyev və Moskvanın ixtiyarındadır.
Xezerxeber.az xəbər verir ki, bu sözləri mayın 16-da İstanbulda Dolmabahçe sarayında Türkiyə-Rusiya-Ukrayna formatında üçtərəfli görüşün açılışında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O xatırladıb ki, Ankara müharibənin lap əvvəlindən hərbi əməliyyatların dayandırılması tərəfdarı olub.
“Biz prezidentlər Volodimir Zelenski və Vladimir Putinin Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın birbaşa dialoqu bərpa etmək çağırışlarına cavab verməsini çox vacib hesab edirik”, - deyən nazir Türkiyə liderinin Ukrayna üzrə dialoq platformasının formalaşdırılmasında fəal rolunu qeyd edib.
Türkiyənin xarici işlər naziri V. Zelenskinin bir gün əvvəl Ankaraya səfərini Rusiya-Ukrayna dialoqunun bərpası istiqamətində mühüm addım adlandırıb.
H.Fidan qeyd edib ki, hazırkı müzakirə Rusiya və Ukrayna nümayəndələri arasında 2022-ci ilin martından bəri keçirilən ilk birbaşa görüşdür: “Tərəflər bu fürsətdən istifadə etməlidir. Hər yeni gün qurbanların sayının artması deməkdir. Ona görə də atəşkəsin tezliklə və eyni vaxtda əldə olunması kritik əhəmiyyət kəsb edir”, - deyə türkiyəli nazir bildirib.
O, İstanbulda aparılan Rusiya-Ukrayna danışıqlarının dövlət liderləri səviyyəsində görüş üçün zəmin yaradacağına ümid etdiyini bildirib.
“Biz səmimi şəkildə inanırıq ki, konstruktiv dialoq sülhə gətirib çıxara bilər”, - deyən nazir Ankaranın bundan sonra da tərəflərin sülhə doğru irəliləməsinə kömək etməyə hazır olduğunu bildirib.
Danışıqlarda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov, Rusiya nümayəndə heyətinə isə Prezidentin köməkçisi Vladimir Medinski başçılıq edir.
Cümə günü səhər Dolmabahçe sarayının eyni salonunda Türkiyə-ABŞ-Ukrayna formatında görüş baş tutub. Saat yarım davam edən görüşdə Amerika nümayəndə heyətinə ABŞ dövlət katibi Marko Rubio başçılıq edib.