Kilian Mbappe “Qızıl buts” mükafatına əsas namizədlərdən birinə çevrilib.
Msport.az xəbər verir ki, La Liqanın 35-ci turunda “Barselona” ilə oyunda (3:4) het-trik edən “Real”ın hücumçusunun İspaniya çempionatındakı qol sayı 27-yə çatıb.
La Liqada hər qol “Qızıl buts” reytinqinə 2 xal qazandırır. Bu da o deməkdir ki, Mbappenin aktivində hazırda 54 xal var. Reytinqə “Sportinq”in hücumçusu Viktor Qyökereş başçılıq edir. O, Portuqaliya çempionatında vurduğu 38 qola görə 57 xal toplayıb. İkinci yerdə Premyer Liqada 28 qol vuraraq 56 xal yığan Məhəmməd Salah (“Liverpul”) qərarlaşıb.
İlk “beşlik”də həmçinin “Barselona”dan Robert Levandovski və “Bavariya”dan Harri Keyn yer alıb. Hər iki futbolçunun 25 qolu və 50 xalı var.
Qeyd edək ki, “Qızıl buts” mükafatı UEFA-ya üzv olan milli çempionatlarda ən çox qol vuran futbolçuya təqdim olunur. 2023-24 mövsümündə bu mükafata Harri Keyn layiq görülüb.