AZ

Zamiq Əliyev Albaniya çempionu oldu!

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025-ci illər mövsümünün finalında “Vlajniya” ilə qarşılaşıb.

Rəqibini 4:0 hesabıyla məğlub etmiş “Eqnatiya” növbəti dəfə Albaniya çempionu olub. Əliyev start heyətdə meydana çıxdığı bu görüşdə sonadək mübarizə aparıb.

Xatırladaq ki, “Eqnatiya” ölkə çempionatında mövsümün əsas hissəsini də zirvədə başa vurmuşdu. Amma reqlamentə əsasən, çempion “dördlər finalı”nda müəyyənləşib. “Eqnatiya” çempionatda keçirdiyi 37 oyunda 17 qələbə qazanıb, 11 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 43 oyuna çıxıb, 1 qola imza atıb.

Zamiq Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və 2 oyun keçirib.

“Eqnatiya” 2023/2024-ci illər mövsümündə də Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Seçilən
0
5
arena.az

10Mənbələr