Ölkə üzrə mayın 17-18-də bütün dövlət ümumi təhsil müəssisələrinin IV və VI siniflərində monitorinqlər təşkil olunacaq.
Bu barədə Moderator.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, monitorinqin sınaq mərhələsi 12 və 13 aprel tarixlərində ilk dəfə olaraq kompüter əsaslı formatda təşkil olunub və uğurla həyata keçirilib. Sınaq monitorinqinə hər sinif üzrə 900-ə yaxın şagird cəlb edilib.
Bununla yanaşı, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində təhsil alan 10 000 şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır.
Qeyd edək ki, monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdir.