Bakı, 8 may, AZƏRTAC
Müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Həştərxana səfər çərçivəsində mayın 5-də Azərbaycan nümayəndə heyəti ilə “Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının” (AMOR) Həştərxan bölməsinin üzvləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın nailiyyətlərinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu qeyd edilib, bundan sonra da daim dövlətimizin və Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli idealogiyamız üçün çalışmağın vacibliyi vurğulanıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, siyasi iradəsi və şanlı ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunan yurdumuzun sürətli şəkildə bərpa olunduğu, soydaşlarımızın öz torpaqlarına geri döndüyü və Qarabağda həyatın yenidən canlandığı qeyd edilib.
Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən bir çox ölkədə, o cümlədən Rusiya Federasiyasının müxtəlif regionlarında çoxsaylı layihələr həyata keçirilib.
Həştərxan vilayətinin rəsmiləri isə Heydər Əliyev Fondu tərəfindən vilayətdə həyata keçirilmiş layihələrə görə təşəkkürlərini bildirib, “Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının” (AMOR) üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti və Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Həştərxan şəhərinə səfərlərini böyük sevgi ilə xatırladıblar.
Mayın 6-da Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru - hökumət sədri Denis Afanasyev və Həştərxan vilayətinin rəsmi şəxsləri, Azərbaycan diasporunun nümayəndələri Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan xiyabana gələrək onun abidəsini ziyarət edib. Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad olunub. Daha sonra nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyev adına olan parkda Ulu Öndərin xatirəsinə təşkil edilmiş ağacəkmə aksiyasında iştirak edərək, ağac və gül kolları əkiblər.
Sonra II Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Qardaşlıq məzarlığı” ziyarət edilib, “Əbədi məşəl” önünə güllər qoyulub.
Həmin gün nümayəndə heyətinin Həştərxan vilayətinin qubernatoru İqor Yuryeviç Babuşkin ilə görüşü keçirilib. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın perspektivlərindən söz açılıb. Ölkələrimiz arasındakı münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykəndiyini vurğulayan İ.Babuşkin qeyd edib ki, qurulan iqtisadi əlaqələr və həyata keçirilən çoxsaylı layihələr müsbət nəticələr verməkdədir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev səmimi qəbula görə Həştərxan vilayəti hökumətinə təşəkkürünü bildirib.
Mayın 7-də Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıb.