Müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.
Həştərxan vilayətinin vitse-qubernatoru – Hökümət sədri Denis Afanasyevin dəvəti ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Həştərxan şəhərində keçirilmiş tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Elman Nəsirov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev iştirak edib.
Səfər çərçivəsində mayın 5-də nümayəndə heyəti ilə “Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının” (AMOR) Həştərxan bölməsinin üzvləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin və bugünki qələbələrimizin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu qeyd edilərək, bundan sonra da daimi olaraq dövlətimizin və Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli idealogiyamız üçün çalışmağın vacibliyi vurğulanıb. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, siyasi iradəsi və şanlı ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunan yurdumuzun sürətli şəkildə bərpa olunduğu, soydaşlarımızın öz yurdlarına geri döndüyü və Qarabağda həyatın yenidən canlandığı qeyd edilib. Tədbirdə qeyd edilib ki, Heydər Əliyev Fondu tərəfindən bir çox ölkələrdə, o cümlədən Rusiya Federasiyasının müxtəlif regionlarında çoxsaylı layihələr həyata keçirilib. Həştərxan vilayətinin rəsmiləri isə Heydər Əliyev Fondu tərəfindən vilayətdə həyata keçirilmiş layihələrə görə təşəkkürlərini bildirib, “Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının” (AMOR) üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti və Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Həştərxan şəhərinə səfərlərini böyük sevgi ilə xatırladıblar.
Mayın 6-da Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru – Hökümət sədri Denis Afanasyev və Həştərxan vilayətinin rəsmi şəxsləri, Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan Xiyabana gələrək onun abidəsini ziyarət edib. Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyev adına olan parkda Ulu Öndərin xatirəsinə təşkil edilmiş ağacəkmə aksiyasında iştirak edərək ağac və gül kolları əkiblər.
Sonra II Dünya Müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış “Qardaşlıq məzarlığı” ziyarət edilmiş, “Əbədi Məşəl” önünə güllər qoyulmuşdur.
Həmin gün nümayəndə heyətinin Həştərxan vilayətinin Qubernatoru İqor Yuryeviç Babuşkin ilə görüşü keçirilib. Görüşdə iki ölkə arasında mövcud olan əməkdaşlığın inkişaf perspektivlərindən söz açılıb. Ölkələrimiz arasında olan münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykəndiyini vurğulayan İ.Babuşkin qeyd edib ki, qurulan iqtisadi əlaqələr və həyata keçirilən çoxsaylı layihələr müsbət nəticələr verməkdədir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz növbəsində səmimi qəbula görə Həştərxan vilayəti Hökümətinə təşəkkürünü bildirib. Qeyd edilib ki, Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi daima böyük hörmət və sevgi ilə anılır. İki xalq arasında bağların daha da möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğu vurğulanaraq bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mehriban qonşuluq prinsiplərinə söykənən Azərbaycan – Rusiya münasibətlərinin daha da dərinləşməsinə töhvələr verirlər. Nümayəndə heyətinin tərkibində yer alan millət vəkili Elman Nəsirov da Ulu Öndər Heydər Əliyevin xatirəsini daim əziz tutduqları üçün həştərxanlılara təşəkkürünü bildirib.
Mayın 7-də isə Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad edib. Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edilmiş məktəbin direktoru T.Tixomirova nümayəndə heyətinə məktəb haqqında məlumat vermiş, nümayəndə heyətini Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş stendlə və Azərbaycan guşəsi tanış etmişdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta