BAKI, 6 may. TELEQRAF
FHN-in Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Teleqraf xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısından start alan veloyürüş FHN Sumqayıt Regional Mərkəzinin önündə başa çatıb.
Tədbir çərçivəsində Sumqayıt Regional Mərkəzində Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub.
Ardınca ümummilli lider Heydər Əliyevlə bağlı təşkil olunmuş foto və kitab sərgilərinə baxış keçirilib.
Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir rəsmi hissə ilə davam edib.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev, FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin rəis müavini Gündüz Həmzəyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov çıxış etdikdən sonra tədbir bədii hissə ilə davam edib.
FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Xilasetmə Hissələrinin alət-avadanlıqlarına baxış keçirilib.
Tədbirin sonunda 102 ağac və gül kolu əkilib, 102 helium şarı havaya buraxılıb.