Xaçmaz rayonunda Qudyalçay çayı üzərindəki avtomobil körpüsü qəzalı vəziyyətə düşüb. Xaspoladoba kəndi ərazisində yerləşən körpünün zədələnməsi nəticəsində 10-a yaxın kəndin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Xaspoladoba, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Hacıəhmədoba və Hacıqurbanoba kəndlərinin sakinləri ötən gün axşam saatlarından başlayaraq rayon mərkəzinə getmək üçün alternativ yollardan istifadə edirlər.
Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasının məlumatına görə, hazırda komissiya və digər əlaqədar dövlət qurumlarının nümayəndələri fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atır.