G7 ölkələri Hindistan və Pakistanı dərhal gərginliyi azaltmağa və birbaşa danışıqlara başlamağa çağırıb.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, ABŞ iki nüvə dövləti arasında dialoqun təşkilinə kömək etməyə hazır olduğunu bildirib.
İki ölkə arasında sərhəddə vəziyyət gərgin olaraq qalır. Beynəlxalq medianın məlumatına görə, hər gün toqquşmalar baş verir, ölən və yaralananlar var. ABŞ və digər G7 üzvləri nüvə silahına malik dövlətlər arasında daha da gərginləşmə riskindən narahatdırlar.
ABŞ dövlət katibi Marko Rubio Pakistan ordusunun rəisi Asim Munir ilə telefon danışığı aparıb. Dövlət Departamentindən bildirilib ki, Birləşmiş Ştatlar münaqişənin gələcəkdə genişlənməsinin qarşısını almaq üçün “konstruktiv danışıqların” asanlaşdırılmasına kömək etməyə hazırdır.
Aprelin sonundan Rubio Pakistanın baş naziri Şahbaz Şərif və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə də əlaqə saxlayır. Amerika tərəfinin fikrincə, yalnız birbaşa dialoq gərginliyin azalmasına səbəb ola bilər.
ABŞ prezidenti Donald Tramp daha əvvəl Hindistan və Pakistan arasında baş verənləri “rüsvayçılıq” adlandırıb və münaqişənin sona çatacağına ümid etdiyini bildirib. Eyni zamanda vitse-prezident C.D.Vens deyib ki, bu məsələ ABŞ-ın birbaşa müdaxiləsi predmeti olmamalıdır.
Kəşmir bölgənin ən mübahisəli ərazilərindən biri olaraq qalır. Əhalisinin əksəriyyəti müsəlmanların yaşadığı dağlıq bölgə onilliklər ərzində hər iki tərəfdən münaqişə, hərbi toqquşmalar və siyasi təzyiqlərin mənbəyi olub.
Musavat.com