RU

Hindistan–Pakistan hərbi toqquşması şiddətlənir

Hindistan və Pakistan arasındakı münaqişə təhlükəli mərhələyə yaxınlaşır və qarşılıqlı raket zərbələrinin intensivləşməsi və hərbi toqquşmanın miqyasının böyüməyə meyil etməsi beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat edir. Böyük güclər məsələyə qarışmasalar, iki nüvə dövləti arasında hərbi toqquşmanın dünya üçün nəticələri faciə ilə yekunlaşacaq.

Bölgədə vəziyyət son dərəcə gərgin olaraq qalır, dünya mediası münaqişənin daha da gərginləşməsinin mümkünlüyü və potensial nəticələrini müzakirə edir. CNN yazır ki, tərəflər Kəşmirdə nəzarət xətti boyunca artilleriya və raket zərbələri mübadiləsi aparmaqda davam edirlər. Hindistan Cammu, Udhampur və Pathankotdakı hərbi bazaları hədəf alan Pakistan pilotsuz təyyarələrini və raketlərini neytrallaşdırğını iddia edir. Pakistan da öz növbəsində Hindistanın 25 pilotsuz təyyarəsini məhv etdiyini və Hindistanın hərbi obyektlərinə cavab zərbələri endirdiyini açıqlayır. Son məlumatlarda hər iki tərəfdən azı 17 mülki şəxsin həlak olduğu bildirilir.

Pakistan hökumətinin yüksək vəzifəli mənbəsi CNN-ə bildirib ki, İslamabad cavab vermədən əvvəl diplomatiyaya yer verir. Mənbənin sözlərinə görə, ABŞ, Səudiyyə Ərəbistanı və digərləri gərginliyi azaltmaq üçün hər iki tərəflə əlaqə saxladıqları üçün müttəfiqləri diplomatiyanı sınamayana qədər Pakistan Hindistanın hücumuna cavab vermək istəmir və Hindistana zərbə endirdiyini təkzib edir. Bununla bağlı Pakistan Müdafiə Nazirliyinin sözçüsü Əhməd Şərif Çaudri də bildirib ki, İslamabad ABŞ-dan Hindistanın iddialarını peyk görüntülərinin təhlili vasitəsilə təsdiqləməyə çağırıb. Bundan başqa, CNN Pakistanın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən yazır ki, Cənubi Asiya qonşuları arasında qarşıdurma daha geniş münaqişəyə çevrilmək təhlükəsi yaradır.

Dünya liderləri, o cümlədən ABŞ iki tərəf arasında gərginlik artdıqca təmkinli olmağa çağırırlar. ABŞ dövlət katibi Marko Rubio cümə axşamı Hindistanın xarici işlər naziri və Pakistanın baş naziri ilə danışıb. O, ABŞ-ın Hindistan və Pakistan arasında “birbaşa dialoqa” dəstəyini ifadə edib. “Pakistan və Hindistan arasında indiyədək birbaşa əlaqə olmayıb”, – deyən mənbə əlavə edib ki, müəyyən kanallar tərəflərə məlumat ötürürlər.

Bununla belə, beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq, vəziyyət son dərəcə gərgin olaraq qalır. Beynəlxalq ictimaiyyət hər iki tərəfi təmkinli olmağa və diplomatik danışıqlara qayıtmağa çağırır. Amma Pakistanın sabiq xarici işlər naziri Əhməd Ayzaz Çaudri düşünür ki, Hindistanla hər hansı gələcək danışıqlar iki ildən bir təkrarlanan “müharibə dramından” qaçmaq üçün ciddi ilkin şərtlərlə müşayiət olunmalıdır. “Geo News TV”-nin “Geo Pakistan” səhər şousunda danışan sabiq nazir bildirib ki, Hindistanın təxribatlarının bir daha baş verməməsi üçün yazılı təminat alınmalıdır: “Biz qətiyyətli olmalıyıq ki, Hindistanın bu iki illik dramına son qoyulmalıdır”.

O, Modi administrasiyasının Hindistanda siyasi gərginliyi və düşmənçiliyi artırdığını da vurğulayıb. Sabiq nazir, həmçinin dezinformasiyanın görünməmiş səviyyəyə çatdığını söyləyərək, Hindistan mediasını davamlı olaraq yalanlar yaymaqda ittiham edib. Hindistanın Pakistanın suyunu bağlamaq təhlükəsini şərh edən Çaudri isə bunu “qəbuledilməz” və regional normaların açıq şəkildə pozulması adlandırıb: “Hindistanın bir daha belə addımlar atmayacağına dair yazılı və məcburi bir zəmanət olmalıdır”. A.Çaudri daha sonra bildirib ki, iki əsas məqama – Hindistanın döyüşkən ritorikası və aqressiv taktikasına dair təminatlar olmasa, sülh danışıqlarının heç bir dəyəri olmayacaq: “Əgər bu məqamlar üzrə heç bir zəmanət yoxdursa, sülh danışıqlarının davam etdirilməsindən o qədər də fayda görmürəm”.

Səbuhi MƏMMƏDOV
XQ

Избранный
0
50
xalqqazeti.az

10Источники