“Bayer”in baş məşqçisi, 43 yaşlı ispan mütəxəssis Xabi Alonso cari mövsümün sonunda “əczaçılar”ın sükanını təhvil verəcək.
Arena.az məlumat verir ki, Leverkuzen klubu bu barədə rəsmi bəyanat yayıb, ispan mütəxəssis də öz gedişi haqda bildirib:
“Bayer” futbol dünyasında, Xabi Alonsonun rəhbərliyi altında məqsədyönlü uğuru sayəsində tanınmağa müvəffəq olub. Biz Almaniya çempionatında, Ölkə Kubokunda qalibiyyətlərimizlə fəxr edirik, qürur duyuruq ki, UEFA Avropa Liqasının finalına yüksəlmişik və Almaniya Super Kubokunu qazanmışıq”, – “əczaçılar”ın mətbuat xidməti klubun rəsmi saytında Leverkuzen klubunun baş direktoru Fernando Karronun (Karro) Xabi Alonsonun gedişi ilə bağlı açıqlamasından sitat gətirir.
Nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano isə Xabi Alonsonun müvafiq açıqlamasını təqdim edib:
“Qarşıdakı oyunların “Bayer”in sükanı arxasında mənim üçün son oyunlar olacağını bəyan etməyin zamanı gəldi”, deyə ispan mütəxəssis bildirib.
Xatırladaq ki, Xabi Alonsonun “Real”ın baş məşqçisi vəzifəsində 65 yaşlı italyan mütəxəssis Karlo Ançelottini əvəz edəcəyi haqda məlumat var. Ehtimal edilir ki, müvafiq məlumat mayın 25-də rəsmən təsdiqlənəcək.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabr ayından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 43 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif alt sistemlərində çalışıb.
Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.
2023/2024-cü illər mövsümündə Alonsonun çalışdırdığı “Bayer” Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.
“Bayer” Bundesliqada bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atıblar.
Həmçinin Alonsonun “Bayer”i 2023/2024 mövsümündə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.
2024/2025-ci illər mövsümündə Xabi “Bayer”ə Almaniya Super Kubokunu qazandırıb.
Xabi Alonso “Bayer”i ümumilikdə 138 oyuna çıxarıb, 89 qələbə, 31 heç-heçə, 18 məğlubiyyət yaşayıb. “Əczaçılar”ın top fərqi 311:149 nisbətindədir.
32 oyundan 68 xal toplamış “Bayer” Almaniya Bundesliqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.