RU

Azərbaycanın xarici ticarətində mənfi saldo: Deputat səbəbləri açıqladı

"Bu ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 8 milyard 211 milyon dollar olub. Dövriyyənin 4 milyard 73 milyon dolları ixracın, 4 milyard 138 milyon dolları isə idxalın payına düşüb. Bu o deməkdir ki, xarici ticarət dövriyyəsinin 49.6 faizini ixrac, 50.4 faizini isə idxal təşkil edib. Yəni, sözügedən müddətdə idxal ixracatı üstələyib. İdxalın ölkədən valyuta apardığını, ixracın isə pul gətirdiyi nəzərə alsaq xarici ticarət balansında mənfi saldo arzuolunan hesab olunmur".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vüqar Bayramov deyib. 

O bildirib ki, ölkəyə qızıl idxalı xarici ticarət dövriyyəsinə təsir göstərməkdədir:  "Bununla belə, həmin müddətdə buğda idxalı 39,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 79,8 faiz, xam şəkər – 86,8 faiz, çay – 72,9 faiz, kartof – 0,2 faiz, minik avtomobilləri – 27,3 faiz, polad prokatı – 30,2 faiz, qara metallardan çubuqlar – 2,7 dəfə, rezin şinlər – 19,2 faiz, yük avtomobilləri – 6,9 faiz, polietilen – 13,3 faiz, avtobuslar – 4,4 dəfə, polipropilen – 11,2 faiz artıb.

Göründüyü kimi, müqayisəli olaraq idxalın artımında ərzaq məhsullarının daha çox gətirilməsi xüsusi çəkiyə malik olub. İşğaldan azad olunan ərazilərimizdə müasir standartlara uyğun texnoloji tələb də idxala təsirsiz ötüşmür. Yeri gəlmişkən, Azərbaycan həmin müddətdə 138 ölkədən məhsul idxal edib".

V.Bayramov əlavə edib ki, yüksək idxal valyuta tələbi də yaradır: "Aydındır ki, məhsul idxalı xarici valyuta ilə mümkündür və bu da tələbə təsir göstərir. Digər tərəfdən, xüsusən ərzaq məhsullarının idxalının artması ərzaq təminatı və eləcə də istehlak bazarında qiymət tarazlığı baxımdan da arzuolunan hesab edilmir. Bu kontekstdən, 2025-ci ildə idxalın optimallaşdırılması əsas prioritetlərdən hesab edilə bilər. İxracatın daha çox artırılmasına nail olunması real sektorun daha da inkişafı, ölkəyə daha çox valyutanın daxil olması baxımdan da vacib faktorlardan hesab olunur".

Nigar,

Sitat.info

Избранный
0
7
sitat.info

10Источники