ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Bu ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 8 milyard 211 milyon dollar olub. Dövriyyənin 4 milyard 73 milyon dolları ixracın, 4 milyard 138 milyon dolları isə idxalın payına düşüb. Bu o deməkdir ki, xarici ticarət dövriyyəsinin 49.6 faizini ixrac, 50.4 faizini isə idxal təşkil edib. Yəni, sözügedən müddətdə idxal ixracatı üstələyib.
Qeyd edək ki, neft qiymətlərinin aşağı olduğu dövrlərdə də xarici ticarətdə müsbət saldo özünü qoruyub. Bəzən, bu rəqəmlər 9 milyard dollara çatıb. Hazırki vəziyyəti yaradan amillərin başında neft hasilatının və qiymətinin ucuzlaşması, həmçinin ölkənin ərzaq və digər tələbat mallarını daha çox xaricdən alması dayanır. Bu da yerli istehsalın tənəzzülə uğramasından xəbər verə bilər...
Ticarət göstəricilərini şərh edən iqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, idxalın ölkədən valyuta apardığını, ixracın isə pul gətirdiyi nəzərə alsaq xarici ticarət balansında mənfi saldı arzuolunan hesab olunmur: “Doğrudur, ölkəyə qızıl idxalı xarici ticarət dövriyyəsinə təsir göstərməkdədir. Bununla belə, həmin müddətdə buğda idxalı 39,1 faiz, kərə yağı, digər süd yağları və pastaları - 79,8 faiz, xam şəkər- 86,8 faiz, çay - 72,9 faiz, kartof - 0,2 faiz, minik avtomobilləri - 27,3 faiz, polad prokatı - 30,2 faiz, qara metallardan çubuqlar - 2,7 dəfə, rezin şinlər - 19,2 faiz, yük avtomobilləri - 6,9 faiz, polietilen - 13,3 faiz, avtobuslar – 4,4 dəfə, polipropilen – 11,2 faiz artıb”.
Deputat vurğulayıb ki, idxalın artımında ölkəyə ərzaq məhsullarının daha çox gətirilməsi xüsusi çəkiyə malik olub. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizdə müasir standartlara uyğun texnoloji tələb də idxala təsirsiz ötüşmür.
“Yeri gəlmişkən, Azərbaycan həmin müddətdə 138 ölkədən məhsul idxal edib”, - o, əlavə edib.
Yüksək idxalın valyuta tələbi yaratdığını qeyd edən iqtisadçı, xüsusən ərzaq məhsullarının idxalının artmasının ərzaq təminatı və eləcə də istehlak bazarında qiymət tarazlığı baxımdan da arzuolunan hesab olunmadığını bildirib: “Bu kontekstdən, 2025-ci ildə idxalın optimallaşdırılması əsas prioritetlərdən hesab edilə bilər. İxracatın daha çox artırılmasına nail olunması real sektorun daha da inkişafı, ölkəyə daha çox valyutanın daxil olması baxımdan da vacib faktorlardan hesab olunur”.
Rasim Əliyev
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.