AZ

Neft qazancı xaricdən ərzaq almağa xərclənir

"Bu ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 8 milyard 211 milyon dollar olub. 

Dövriyyənin 4 milyard 73 milyon dolları ixracın, 4 milyard 138 milyon dolları isə idxalın payına düşüb. Bu, o deməkdir ki, xarici ticarət dövriyyəsinin 49.6 faizini ixrac, 50.4 faizini isə idxal təşkil edib. Yəni, sözügedən müddətdə idxal ixracatı üstələyib". 

Bunu deputat Vüqar Bayramov deyib. O, idxalın ölkədən valyuta apardığını, ixracın isə pul gətirdiyi nəzərə alsaq, xarici ticarət balansında mənfi saldo arzuolunan hesab olunmur: 

"Doğrudur, ölkəyə qızıl idxalı xarici ticarət dövriyyəsinə təsir göstərməkdədir. Bununla belə, həmin müddətdə buğda idxalı 39,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 79,8 faiz, xam şəkər – 86,8 faiz, çay – 72,9 faiz, kartof – 0,2 faiz, minik avtomobilləri – 27,3 faiz, polad prokatı – 30,2 faiz, qara metallardan çubuqlar – 2,7 dəfə, rezin şinlər – 19,2 faiz, yük avtomobilləri – 6,9 faiz, polietilen – 13,3 faiz, avtobuslar – 4,4 dəfə, polipropilen – 11,2 faiz artıb. 

Göründüyü kimi, müqayisəli olaraq idxalın artımında ərzaq məhsullarının daha çox gətirilməsi xüsusi çəkiyə malik olub. İşğaldan azad olunan ərazilərimizdə müasir standartlara uyğun texnoloji tələb də idxala təsirsiz ötüşmür. Yeri gəlmişkən, Azərbaycan həmin müddətdə 138 ölkədən məhsul idxal edib.Yüksək idxal valyuta tələbi də yaradır. 

Aydındır ki, məhsul idxalı xarici valyuta ilə mümkündür və bu da tələbə təsir göstərir. Digər tərəfdən, xüsusən ərzaq məhsullarının idxalının artması ərzaq təminatı və eləcə də istehlak bazarında qiymət tarazlığı baxımdan da arzuolunan hesab edilmir. Bu kontekstdən, 2025-ci ildə idxalın optimallaşdırılması əsas prioritetlərdən hesab edilə bilər". 

Deputatın sözlərinə görə, ixracatın daha çox artırılmasına nail olunması real sektorun daha da inkişafı, ölkəyə daha çox valyutanın daxil olması baxımdan da vacib faktorlardan hesab olunur. Qeyd edək ki, ölkədə idxal, xüsusilə də ərzaq məhsullarının idxalı getdikcə artır. 

İdxalın davamlı olaraq artmasının səbəbi nədir və optimallaşdırılma hansı imkanlar yarada bilər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, illərdir idxalın optimallaşdırılması ilə bağlı açıqlamalar verilir: 

“Statistika ortadadır və məlumdur ki, Azərbaycanda həm sənayenin, həm də aqrar sahənin inkişafı ilə bağlı vəziyyət yaxşı deyil. Aqrar sektor üzrə göstəricilərimiz gündən-günə azalır. Xüsusilə də strateji ərzaq məhsulları üzrə idxaldan asılılıq sürətlə artır. 

Yəni, optimallaşdırma üçün illərdir təklif edirik ki, aqrar sahəyə aşağı faizli kreditlər verilsin, subsidiyalar artırılsın və təyinatı üzrə istifadə olunsun. Dövlət dəstəyi həyata keçirilsin və bu, effektiv formada təşkil olunsun. Bunların heç biri həyata keçirilmir. Yalnız “borudan asılı” olan bir Azərbaycan var. Neftin də qiyməti ucuzlaşır. İdxalın artmasında neftin qiymətinin ucuzlaşması da mühüm rol oynayır. 

Çünki Azərbaycan xarici ölkələrə əsasən neft və qaz ixrac edir. Əvəzində əldə edilən valyuta ölkəyə ərzaq formasında qayıdır. Azərbaycan burada həm ucuz neft satmaq məcburiyyətindədir, həm də xarici ölkələrdən asılı vəziyyətdə olmaqla neft və qazdan qazandığı pulları xarici ölkələrə qaytarmaqdadır. Bütün bunlar ilk növbədə nəzərə alınmalı olan məqamlardır”. 

Ekspertin sözlərinə görə, aqrar sektor inkişaf etdirilməlidir: 

“Aqrar sektora xüsusi olaraq dövlət dəstəyi təşkil olunmalıdır. Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsi, ilk növbədə gömrük siyasəti zamana görə uyğunlaşdırılmalıdır. Yerli məhsulların tədarük dövründə idxala məhdudiyyət tətbiq edilməlidir. 

Eyni zamanda, soyuducu anbarlar olmalıdır. Yerli məhsulların ölkə üzrə dövlət sifarişi ilə alınması və soyuducu anbarlarda saxlanılması, daxildə ərzaq təhlükəsizliyinin təmini ilə bağlı müvafiq konsepsiya olmalıdır. 

Bunların heç biri, konkret proqram yoxdur. Varsa da effektiv deyil, real olaraq həyata keçirilmir. İlk növbədə bunun səbəbi korrupsiyadır və mütərəqqi ideyaların həyata keçməsinə imkan vermir. 

Hətta Hesablama Palatasının hesabatlarında, digər monitorinq, audit təşkilatlarının açıqlamalarında da görürük ki, ciddi şəkildə korrupsiyalaşmış bir mexanizm var. Nəticə etibarilə də hətta az miqdarda ayrılan vəsaitlər düzgün sərf olunmadığına görə ortada nəticə yoxdur”. 

Seçilən
0
3
cebheinfo.az

10Mənbələr