Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya Kubokunun 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsi çərçivəsində “Partizani” ilə qarşılaşıb.
Doğma meydanda keçirilmiş ilk oyunda 0:1 hesabıyla uduzmuş “Eqnatiya” səfərdə baş tutmuş cavab oyunundan 2:0 hesablı qələbə ilə ayrılıb. Əsas vaxtda ümumi hesabı bərabərləşdirmiş futbolçumuzun komandası əlavə vaxtda daha bir qol vurmaqla həlledici oyuna vəsiqə qazanıb. Əliyev start heyətdə meydana çıxdığı bu görüşdə sonadək mübarizə aparıb.
Xatırladaq ki, “Eqnatiya” ölkə çempionatında da uğurlu çıxış edir. Sözügedən komanda 35 turdan sonra 59 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində ilk pillədə qərarlaşıb. “Eqnatiya” 35 oyunda 16 qələbə qazanıb, 11 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.
“Eqnatiya”nın kubokun finalındakı rəqibi Tirana “Dinamo”su olacaq. Həlledici qarşılaşma mayın 1-də baş tutacaq.
Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 40 oyuna çıxıb, 1 qola imza atıb.
Zamiq Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və 2 oyun keçirib.
“Eqnatiya” 2023/2024-ci illər mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.