EN

Ukrayna və Macarıstan arasında diplomatik qalmaqal yaşanmaqdadır

Kiyev, 9 may, AZƏRTAC

Ukrayna və Macarıstan arasında daha bir diplomatik qalmaqal yaşanmaqdadır.

AZƏRTAC xəbər verir ki, buna səbəb Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Zakarpatyada macar kəşfiyyatçı şəbəkəsini ifşa etməsi olub. UTX-nin yaydığı rəsmi məlumatda qeyd olunur ki, mayın 9-da Ukrayna Təhlükəsizlik Xidməti Zakarpatya vilayətində fəaliyyət göstərən macar hərbi kəşfiyyatçılarını ifşa edib. Onların əsas vəzifələri regionda hərbi təhlükəsizliyin vəziyyəti haqqında məlumatların toplanması, yer və hava hücumundan müdafiədə zəif nöqtələrin axtarışı, Macarıstandan mümkün bir işğal halında yerli əhalinin əhvali-ruhiyyəsinin və reaksiyalarının öyrənilməsi olub.

Xüsusi əməliyyat çərçivəsində UTX Macarıstan kəşfiyyat xidmətinin karyera zabitinin nəzarəti altında işləyən iki agenti saxlayıb. Hər iki məhbus hərbi vəziyyətlə bağlı dövlətə xəyanətdə şübhəli bilindikləri barədə məlumatlandırılıb. Ukrayna qanunlarına görə, onları ömürlük həbs gözləyir.

Bunun ardınca dərhal Macarıstan Xarici İşlər Nazirliyi öz kəskin mövqeyini açıqlayıb. Ölkənin xarici işlər naziri Peter Siyarto feysbuk səhifəsində bəyanat verərək bu addımı Ukraynanın qərəzli təbliğatı kimi qiymətləndirib. Buna cavab olaraq Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarıb. Siyartonun sözlərinə görə, tammiqyaslı işğalın başlanmasından sonra Ukraynada antimacar təbliğatı getdikcə güclənib. İndiki macarlara qarşı böhtan kampaniyasının səbəbi də əvvəlkilərlə eynidir.

Siyarto müraciətində Ukrayna Təhlükəsizlik Xidmətinin Ukrayna tarixində ilk dəfə olaraq ölkə ərazisində casusluq fəaliyyəti həyata keçirən xarici agentlər şəbəkəsini - Macarıstan hərbi kəşfiyyatını ifşa etməsi xəbərini qeyd etməyib. Ancaq kontekstdən aydın olur ki, nazir məhz bunu nəzərdə tutmuş ola bilər. Macarıstanın xarici işlər naziri “onlar macarlara qarşı qarayaxma kampaniyasına dözə bilməzlər” deyib.

“Bu gün biz Ukraynanın Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki kəşfiyyatçını ölkədən çıxardıq. Müvafiq qərar və Nota Ukraynanın Budapeştdəki səfirinə təqdim edilib”, - deyə nazir bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
0
5
azertag.az

7Sources