EN

Zamiq Əliyev üçün 90 dəqiqə, “sarı” və 1 xal

Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025-ci illər mövsümünün 30-cu turu çərçivəsində “Tirana” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutan bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Əliyev start heyətdə meydana çıxdığı bu görüşdə sonadək mübarizə aparıb. O, 45+4-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Eqnatiya” 30 turdan sonra 54 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində ilk pillədə qərarlaşıb. Sözügedən komanda 29 oyunda 15 qələbə qazanıb, 9 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 30 oyuna çıxıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 1 oyun keçirib.

“Eqnatiya” 2023/2024-ci illər mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Chosen
157
4
arena.az

10Sources