AZ

Litva bizi ŞOKA SALDI! Bu ölkəni belə Təsəvvür Etmirdik! - VİDEO

Baltik dənizinin sahilində yerləşən bu ölkə zəngin meşələrlə, qədim şəhərlərlə və təmiz təbiəti ilə seçilir. Burada orta əsrlərə aid memarlıq nümunələri, xüsusən də köhnə şəhər hissələri qorunub saxlanılıb. Əhalisi Avropa dəyərlərinə sadiq, qonaqpərvər və mədəniyyətinə bağlıdır. Söhbət Litvada gedir.


Litva – Estoniya və Latviya ilə birlikdə üç Baltik ölkəsindən ən böyüyü və əhalisi ən çox olanıdır. Şərqində və qərbində alçaq təpələr olsa da, ümumilikdə ölkə düzənliklərdən ibarətdir. Bu ölkədə yaşıl təbiətə çox böyük önəm verilir. Onlara məxsus təbiətə heç vaxt zərər vurmurlar. Ölkə ərazisinin təxminən 30%-i meşə sahələrindən ibarətdir. 


Paytaxtı Vilnüs şəhəri olan Litva Avropanın şimal-şərqində yerləşir. Sərhəd qonşuları Belarus, Latviya və Polşa kimi dövlətlərdir. Müasir Litvanın əcdadları eramızdan əvvəl 2000-ci illərdə bu torpaqlara köç etmiş balt tayfalarıdır. Eramızdan əvvəl 1200-cü illərdə isə Mindauqas adlı bir kral bu tayfaları bir bayraq altında birləşdirməyə nail olub. Bu səbəbdən, min illərlə formalaşan bir yaşayış mədəniyyətinə sahib Litva torpaqlarında milli şüur XII əsrlərdə formalaşmağa başlayıb. Litvalılar o dövrlərdə kiçik icmalar şəklində yaşayırdılar və qədim inanclardan biri olan paganizmə inanırdılar. XIV əsrin sonlarına yaxın isə xristianlığı qəbul etdilər və bir neçə əsr ərzində Avropanın ən geniş ərazisinə sahib dövlətlərindən birinə çevrildilər. Bəs bunu necə bacardılar? 


XV əsrdən etibarən Litva bu günkü Polşanın əcdad dövləti olan Lixistanla birləşdi. O zaman Avropanın ən güclü dövlətlərindən biri sayılan Lixistan, Litvanın ayaqda qalmasını və balt soyunun davam etməsini təmin etdi. Amma XVIII əsrlərdə ruslar həm Lixistanı, həm də Litvanı qorxulu günlərlə üz-üzə qoydu və bu imperiyalar tənəzzülə uğradı. Bu dövrdən sonra rus işğallarına məğlub olan litvalılar 1918-ci ildə müstəqilliklərini elan etsələr də, Sovet işğalından qurtula bilmədilər. Nəhayət 1990-cı ildə ikinci dəfə müstəqillik qazandılar və 15 il sonra Avropa İttifaqına daxil oldular.


Ölkənin təxminən 3 milyon nəfər əhalisi var və ən böyük şəhəri Vilnüsdür. Vilnüsdən əlavə 103 şəhəri olan bu ölkədə hər coğrafi bölgənin özünün “paytaxtı” vardır. Amma ölkə kiçik olduğundan, adətən Litvaya gələnlər Vilnüsü seçirlər. Çünki demək olar ki, hər ölkədə olduğu kimi, Litvada da ən maraqlı məkanlar, sosial və mədəni həyat Vilnüsdə cərəyan edir.


Litva son illərdə Azərbaycan vətəndaşlarının səyahət və təhsil üçün maraq göstərdiyi Avropa ölkələrindən biridir. Baltikyanı ölkələrin ən maraqlı şəhərlərindən biri olan Vilnüs qədim memarlığı, müasir həyat tərzi və təhlükəsiz mühiti ilə seçilir. Bəs Azərbaycandan Litvaya necə getmək olar? Hazırda Azərbaycandan Litvanın paytaxtı Vilnüs şəhərinə birbaşa uçuşlar çox nadir hallarda həyata keçirilir. Əksər hallarda səyahət İstanbul, Varşava və ya Frankfurt kimi şəhərlər üzərindən transferlə baş tutur. Uçuş qiymətləri mövsümə, erkən rezervasiyaya və kampaniyalara görə gediş dönüs birgə 450-850 arasında dəyişə bilər. Yay aylarında və bayram günlərində qiymətlər daha yüksək olur. Azərbaycan vətəndaşları Litvaya səfər etmək üçün Şengen vizası almaq məcburiyyətindədirlər. Viza müraciətləri Bakıda yerləşən VFS Global Litva Viza Mərkəzi vasitəsilə qəbul olunur.

Viza üçün tələb olunan əsas sənədlər isə, xarici pasport, doldurulmuş viza ərizə forması, 1 ədəd fotoşəkil, Tibbi sığorta, Aviabilet və otel rezervasiyası və ya dəvət məktubu, İş yerindən arayış və ya maliyyə təminatını sübut edən sənədlər, Gündəlik 40 avro məbləğində vəsaitin olduğuna dair bank çıxarışıdır. 

Viza müraciətlərinə baxılma müddəti adətən 15 təqvim günü təşkil edir. Bəzi hallarda bu müddət daha uzun ola bilər, bu səbəbdən səyahət tarixindən ən azı 3 həftə öncə müraciət etməyiniz tövsiyə olunur.

Litva Şengen zonası ölkəsidir. Bu ölkəyə alınan viza ilə digər Şengen ölkələrinə də səfər etmək mümkündür. Litvada qalmaq istəyənlər üçün D tipli milli viza və ya yaşayış icazəsi almaq tələb olunur. Bu proses üçün Litva Miqrasiya Departamentinə müraciət edilməlidir.

Litvada təhsil almaq istəyənlər üçün ayrıca tələbə vizası prosedurları mövcuddur və qəbul məktubu əsas sənəd sayılır

Elə söz düşmüşkən, onu da deyim ki, son illərdə Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər. Bu ölkələr arasında Baltikyanı dövlətlərdən biri olan Litva da xüsusi yer tutur. Litva, Avropa İttifaqının üzvü olmaqla yanaşı, keyfiyyətli ali təhsil sistemi, münasib təhsil haqları və təhlükəsiz mühiti ilə diqqət çəkir. Xüsusilə son illərdə azərbaycanlı abituriyentlər Litvada təhsil almağa daha çox üstünlük verməyə başlayıblar.


Litva ali təhsil sistemi bir neçə nüfuzlu universitetlə təmsil olunur. Azərbaycanlı tələbələrin də üstünlük verdiyi əsas ali təhsil müəsisələrindən biri Vilnüs Universitetidir. Hansı ki, bu universitetn quruluş tarixi 1579-cu ilə dayanır. Kaunas Texnologiya Universiteti də Texniki sahələrdə ixtisaslaşmaq istəyənlər üçün mükəmməl fürsətdir. Bu universitet mühəndislik, informasiya texnologiyaları və biznes sahələrində yüksək reytinqə malikdir.

Rəsmi statistik məlumatlara əsasən, Litvada təxminən 800-1000 arası azərbaycanlı yaşayır. Bu rəqəm dəyişkən ola bilər, çünki bir çox azərbaycanlı Litvaya müvəqqəti olaraq təhsil və ya iş məqsədilə gəlir. Litvada təhsil alan azərbaycanlı tələbələrin sayı isə təxminən 250-300 nəfər arasında dəyişir. Onların əksəriyyəti İngilis dilli bakalavr və magistr proqramlarına yazılır, xüsusilə də mühəndislik, biznes idarəçiliyi, kompüter elmləri və beynəlxalq münasibətlər sahələrində. Azərbaycanlı tələbələrin Litvada təhsil almağa marağı ilbəil artır. Bunun əsas səbəbləri arasında Litvanın Avropa İttifaqında yerləşməsi, təhsil sisteminin beynəlxalq standartlara uyğunluğu və oradakı multikultural mühit yer alır. Həmçinin, Litva universitetlərinin beynəlxalq tələbələrə yönəlik təqdim etdiyi təqaüdlər və rahat qəbul prosesi də bu marağı artıran əsas amillərdəndir.


Normalda ölkələrin hava şəraitindən çox danışmaram. Amma bu ölkənin havası insanları bir az həyatdan soyuda bilir. Xüsusilə qış aylarında Baltik iqlimi səbəbilə həftələrlə günəşsiz, qaranlıq havalar yaşanır və demək olar ki, günəşə həsrət qalınır. Hərçənd ki, ölkədə 800-dən çox çay və 2500-dən çox təmiz göl var, amma ilin yalnız 4/1 hissəsində bu təbiət gözəlliklərindən həzz almaq mümkündür. Qalan aylarda hava əsasən buludlu və yağışlı olur. Qışda temperatur -20°C-yə qədər enə bilir. Yerli sakinlər hava şəraitindən o qədər beziblər ki, tək bu səbəbdən belə başqa Avropa ölkələrinə köçmək istəyən çox sayda insan var. Elə hallar olur ki, may ayında belə qar yağdığının şahidi ola bilərsiniz. 


Bundan əlavə, ölkədə demək olar ki, hamı D vitamini əlavəsi qəbul edir. Çünki ilin yalnız 2-3 ayı günəşli keçir. Qalan vaxtlarda günəşdən faydalanmaq mümkün olmur. Elə bu səbəbdən də, Litvanın gəncləri ölkəni tərk etməyə meyillidirlər.


itva ilə bağlı başqa bir məsələ də var – bu dəfə iqlimlə deyil, insanlarıyla bağlıdır. Litva xalqı əyləncəyə, xüsusilə spirtli içkilərə olduqca meyllidir. Xüsusilə həftəsonları Vilnüs küçələrində sərxoş insanlar görmək adi haldır. Bu cür hallar orada normal qarşılanır. Bundan əlavə, dünyanın hər tərəfindən tələbələrin ölkədə çox olması səbəbilə, sosial həyatın dozası bir qədər artıb və spirtli içki istehlakı çoxalıb. Xalqın ən çox sevdiyi içki olan pivənin belə bu ölkədə 50-dən çox növü mövcuddur. 


Bundan əlavə, litvalıların əhəmiyyətli bir hissəsi sizi təəccübləndirə biləcək dərəcədə kobud davranışlar sərgiləyə bilər. Yəqin ki, bu onların milliyyətçi olmaları ilə bağlıdır. Bəzi insanların üzündə isə demək olar ki, təbəssüm olmur. Çünki ölkənin əhatə dairəsi dar, ölkə daxilindəki yaşam fəaliyyətləri isə gözlənilən genişliyi təqdim etmir. Yəni əgər siz "Avropa ölkəsinə gedim, sosial həyata qoşulum" düşüncəsindəsinizsə, Litvada edə biləcəyiniz şeylər əsasən məkanlarda pivə içmək və göl kənarlarında piknik etmək olacaq. Bu mənada gözləntilərinizi yüksək tutmaq lazım deyil. Çünki Litva canlılıq baxımından sizi məyus edə bilər. Yerli əhali baxımından isə ölkənin yarısı poker oynayır, digər yarısı isə boş vaxtını basketbolla keçirir. Deyim ki, basketbola elə dəyər verirlər ki, sanki bir maddəyə bağlılıq kimi. Onsuz da bu ölkəyə basketbolun vətəni desək, səhv olmaz. 


Əgər getsəniz, bizim mətbəximizlə Litvanın yemək mədəniyyəti arasında ciddi fərq var. Yemək baxımından adətən dəniz məhsulları yeyirlər. Təsəvvür edin, həftənin 4-5 günü ard-arda çipura və ilan balığı tipli şeylər yeyirsiniz. Və ya canınız sup istəyir, restorana gedirsiniz və qabağınıza balqabaq supu və ya xiyar supu gətirirlər. Bu arada, donuz ətini də çox sevirlər. Məsələn, "dumplings" dedikləri düşbərəyə bənzər bir yeməkləri var. Siz onu düşbərə kimi yeyəndə içindəki donuz ətindən də payınızı almış olursunuz. 


Ölkənin əlverişsiz torpağı səbəbindən kənd təsərrüfatı inkişaf etməyib. Bu səbəbdən Litva xalqı zəif yemək mədəniyyətinə sahibdir. Digər tərəfdən Litvanın iqtisadiyyatı kiçik olsa da, inkişaf etməkdə olan bir quruluşa malikdir. Baltik ölkələri arasında iqtisadiyyatı ən inkişaf etmiş ölkə Litvadır. Xüsusilə Avropa Birliyi sayəsində xidmət və sənaye sahələrində dəstəkləniblər və ehtimal olunan bir böhranda batmaları mümkün deyil. Avropa Birliyi faktoru olmasa belə, demək olar ki, hər ölkədən bu ölkəyə tələbələr gəlir. Erasmus proqramları və özəl dil məktəbləri vasitəsilə ölkə çox sayda tələbə qəbul edir. Buna görə də Litvada tələbə sektoru formalaşıb. Ölkənin əsas gəlir mənbələrindən biri xaricdən gələn tələbələrə bağlıdır. Ölkənin ən böyük gəlir mənbəyi xarici tələbələr olduğundan, bu işdən pul qazanan müəssisələr Litvanı xaricdə tərifləməklə tanıdırlar. Məsələn, ölkəyə tələbə cəlb edə bilməsələr, iqtisadiyyatlarında ciddi sarsıntılar ola bilər. Çünki bu ölkə gəzməli yerlər baxımından da son dərəcə məhdud imkanlar təqdim edir.


Belə izah edim: ölkənin hazırkı əhalisi 3 milyona yaxındır və bu əhalinin yarısına yaxını düzgün bir işə sahib deyil. Bəli, təbiəti, gölləri, təmiz havası, siyasi xaoslardan uzaq olması və ən önəmlisi Avropa ölkəsi olması xoş səslənir, amma burada normal qazanc gətirən bir iş tapmaq ehtimalınız xeyli azdır. Nəticə etibarilə orada iş imkanları həqiqətən azdır və milliyyətçi olduqları üçün mövcud işlərə öncə öz insanlarını və ya Avropa Birliyi vətəndaşlarını qəbul edirlər. 


Ölkə ümumi olaraq yaşlı yerli insanlardan və müxtəlif məqsədlərlə ora gəlmiş xarici gənclərdən ibarətdir. Ölkədən miqrasiya edənlər əsasən kişilərdir və Skandinaviya ölkələrinə gedirlər. Bu səbəbdən Litvada qadın sayı xeyli çoxdur. Əhalisinin təxminən 60%-i qadınlardır. Bu mənada əhalisinə nisbətən ən çox qadın yaşayan ölkələrdən biridir. Bu səbəbdən Litvada qadınları avtobus sürücüsü kimi görə və ya tikintidə ağır işlər görərkən şahid ola bilərsiniz. Kişi azlığından dolayı bir çox sektor qadınlar tərəfindən idarə olunur.


Litvalı qadınların həyata baxışı da pul və həyəcan yönümlü olmaqdan çox, rahatlıq və sevgi yönümlüdür. Qadınlar əsasən dul olurlar və həyat yoldaşları tərəfindən tərk ediliblər. Görünür, oradakı qadınların axtardığı əsas şey sevgi və sədaqət kimi mənəvi dəyərlərdir. 


Üstünlük budur ki, Litvalılar gözlərini daha yüksək maaşlı Avropa ölkələrinə dikdikləri üçün oradakı iş sektorları qadınlara və ya yaşlılara qalır. Bunu az əvvəl də qeyd etmişdim. Litvada maaşlar aşağı olduğuna görə bir çox sahə bu insanlara qalır. Bu səbəbdən Avropada iş həyatına başlamaq istəyirsinizsə, Litva kimi kiçik Avropa ölkələrindən oturum və ya iş icazəsi almaq Almaniya, İtaliya, İsveçrə kimi ölkələrlə müqayisədə daha asandır. Yəni bir peşəniz varsa və arxiviniz təmizdirsə, Litvada işləmək tamamilə mümkündür. Yaşayış icazənizin cavabı orta hesabla iki ay ərzində çıxır. Orada heç bir xüsusi bacarıq tələb etməyən işdə belə çalışsanız, minimum maaş 800 avro olacaq. Çünki minimum əmək haqqından aşağı maaş vermək qanunsuzdur və ağır cəzalara səbəb olur.


Onsuz da minimum maaş məbləği Avropa ölkələrində bir qədər simvolik sayılır. Litvada qazanacağınız maaş, adətən minimum əmək haqqından 300-400 avro yüksəkdir, yəni təxminən 1200 avro. 

Seçilən
0
50
news365.az

10Mənbələr