AZ

Onkoloqdan XƏBƏRDARLIQ: 5-10 yaşlı uşaqlarda bu əlamətlər...

Xərçəng xəstəliyi müasir dövrün ən aktual tibbi problemlərindən biridir. Bu xəstəlik dünyada ölümə səbəb olan əsas xəstəliklər sırasında yer almaqdadır və yayılma sürəti ildən-ilə artır. Xərçəngin yaranması və yayılması müxtəlif amillərlə əlaqəlidir: genetik meyillilik, ətraf mühit faktorları, siqaret və alkoqol istifadəsi, qidalanma vərdişləri, hormonal dəyişikliklər və sair.
Bu barədə Moderator.az-a açıqlama verən tibb uzre felsefe doktoru Fərid Musabəyov  bildirib ki, xərçəng xəstəliyi təkcə ölkəmizdə deyil, bütün dünyada ən çox rast gəlinən xəstəliklərdən biridir:
 
“Hazırda ürək-damar xəstəliklərindən sonra ikinci yerdə qərarlaşır. Əvvəllər bu xəstəlik əsasən yaşlı insanlarda müşahidə olunurdusa, son illərdə xərçəngin yaşı xeyli cavanlaşıb. Artıq 5–10 yaşlı uşaqlarda, hətta ondan da aşağı yaşda olan şəxslərdə belə xərçəng diaqnozu qoyulur. Xəstəlik çox geniş yayılmışdır və bəzi əlamətlərlə özünü göstərir. Məsələn, səbəbsiz qanaxmalar, müxtəlif növ ağrılar bu xəstəliyin ilkin əlamətləri ola bilər. Təəssüf ki, insanların əksəriyyəti bu əlamətlərə əhəmiyyət vermədiyi üçün həkimə gec müraciət edirlər. Nəticədə, xərçəng çox vaxt artıq üçüncü və ya dördüncü mərhələdə aşkarlanır ki, bu da müalicənin uğur şansını xeyli azaldır. Bu səbəbdən də tövsiyə olunur ki, hər bir şəxs ildə ən azı iki dəfə profilaktik tibbi müayinədən keçsin. Erkən diaqnoz xərçəngin vaxtında aşkarlanaraq effektiv müalicəsinə imkan yaradır. Xərçəng xəstəliyinin yayılma tezliyi qadınlar və kişilər arasında fərqlidir. Qadınlarda daha çox süd vəzi xərçəngi müşahidə olunur, kişilərdə isə ağciyər, mədə və qida borusu xərçəngləri daha geniş yayılmışdır”.
 
F. Musabəyov qeyd edib ki, diaqnostika zamanı ilk olaraq qanın ümumi analizi, ultrasəs müayinəsi və rentgen müayinəsi aparılır:
 
“Bu ilkin müayinələr xəstəliyin aşkarlanması üçün vacib olsa da, bəzən kifayət etmir. Belə hallarda kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT) və lazım gəldikdə pozitron-emission tomoqrafiya (PET) kimi daha yüksək dəqiqliyə malik görüntüləmə üsullarından istifadə olunur. Ən dəqiq diaqnoz isə biopsiya, yəni toxuma nümunəsinin götürülərək laborator müayinə edilməsi ilə qoyulur. Bu zaman xərçəngin mərhələsi (I, II, III və ya IV) dəqiqliklə müəyyən olunur. Qeyd etmək lazımdır ki, xərçəng artıq konkret yaş qrupu ilə məhdudlaşmır. Əvvəllər bu xəstəlik əsasən yaşlı insanlarda aşkarlanırdısa, son illərdə xərçəngin cavanlaşması müşahidə olunur. Artıq 20, 30, 40 yaşda olan insanlarda və daha azyaşlı uşaqlarda da bu diaqnoz tez-tez qoyulur”.
 
Mehin Mehmanqızı
 
Seçilən
0
50
moderator.az

10Mənbələr