AZ

Çempionlar Liqası: İlk finalçı məlum oldu

BAKI. 7 may. TELEQRAF

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu hüquqa İtaliyanın "İnter" klubu yiyələnib.

Simone İnzaginin baş məşqçi olduğu kollektiv İspaniyada 3:3 hesablı heç-heçə etdiyi "Barselona"ya cavab görüşündə əlavə vaxtda qalib gəlməyi bacarıb - 4:3.

Milan şəhərindəki "Cüzeppe Meatsa" stadionundakı qarşılaşmada ilk 2 qolu meydan sahibləri vurub. 21-ci dəqiqədə Lautaro Martines hesabı açıb. 45+1-ci dəqiqədə isə Hakan Çalhanoğlu penaltini dəqiq yerinə yetirib.

Fasilədən sonra "Barselona" oyunda dönüş edərək, önə çıxmağı bacarıb. Erik Qarsiya 54-cü, Dani Olmo 60-cı, Rafinya isə 88-ci dəqiqədə fərqlənib.

İspaniya klubu qələbəni qeyd etməyə hazırlaşdığı vaxt Françesko Açerbi səhnəyə çıxıb. İtaliyalı müdafiəçi 90+3-cü dəqiqədə "İnter"in bərabərlik qolunu vuraraq, oyunu əlavə vaxta aparıb. Bu bölümdə isə Davide Frattezi 99-cu dəqiqədə qələbə topunun müəllifi olub.

Beləliklə, "İnter" tarixində 4-cü, son 3 mövsümdə isə 2-ci dəfə finala yüksəlib. Mayın 31-də Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da təşkil olunacaq həlledici qarşılaşmada rəqib PSJ (Fransa) - "Arsenal" (İngiltərə) cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk matçda PSJ səfərdə qələbə qazanıb - 1:0. Cavab görüşü bu gün olacaq.

Seçilən
0
1
teleqraf.com

10Mənbələr