AZ

Zamiq Əliyev və komandası Albaniya çempionatının finalında

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025-ci illər mövsümünün final mərhələsinin yarımfinalında “Partizani” ilə qarşılaşıb.

Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu qarşılaşma qapılara qol vurulmayıb. Belə olan halda reqlamentə əsasən, meydan sahibi olan komanda – “Eqnatiya” finala vəsiqə qazanıb. Əliyev start heyətdə meydana çıxdığı bu görüşdə sonadək mübarizə aparıb.

Digər yarımfinal görüşündə “Vlajniya” Tirana “Dinamo”suna qalib gəlib – 2:1.

Beləliklə, Albaniya çempionatının 2024/2025-ci illər mövsümünün qalibi mayın 12-də keçiriləcək “Vlajniya” – “Eqnatiya” matçında müəyyənləşəcək. “Dinamo” ilə “Tirana” isə mayın 9-da 3-cü yer uğrunda oyunda üz-üzə gələcəklər.

Xatırladaq ki, “Eqnatiya” ölkə çempionatında mövsümün əsas hissəsini zirvədə başa vurub. Amma reqlamentə əsasən, çempion “dördlər finalı”nda müəyyənləşəcək. “Eqnatiya” çempionatda keçirdiyi 36 oyunda 16 qələbə qazanıb, 11 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 42 oyuna çıxıb, 1 qola imza atıb.

Zamiq Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və 2 oyun keçirib.

“Eqnatiya” 2023/2024-ci illər mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Seçilən
0
4
arena.az

10Mənbələr